Mingəçevir

BEHQUR imzası altında qələmə aldığı mövzuya dərindən bələd peşəkar-yazar gizlənir. Söylədiyinə görə, bu əsəri əvvəlcə peşəkar ədəbi nəşrlərdə dərc elətdirmək istəmiş, səyləri nəticə verməmişdir. Bu halda oxucusunu niyə də virtual dünyada aramasın?! Şərti-rəmzi Dil çağdaş dünya nəsrində kifayət qədər işlənən hadisədir. Hiyə də biz işlətməyək; bir halda ki, TƏZƏ və içimizdəki mətləbləri ifadə eləməyə qadir ola?! Dəqiq biçimli diskursiv nəsrin nümunəsi olan hekayədə, inanırıq ki, oxucu əbəs, yorucu heç nə tapammayıb, aldığı əlavə həzz və düşünüşlərə görə müəllifə yalnız minnətdar olasıdır. Mətləb nə? -- bunu isə oxudan sonrakı reaksiyalardan gözləmək daha doğru olmazmı...

BENQUR


ZUBAL ÜÇÜN TAMAŞA

(hekayə)

TANIŞLIQ və ya hadisə məkanının təsviri.


Bir meydan və otuz üç Zabrat bərabərdi bir Zorbazombi ölkəsinə. "Zabrat" Zorbazombidə küçələrə verilən yeganə addır. Bu diyarın üç tərəfini su döyürdü, birini külək. Ona görə Zorbazombi ölkəsinin dörd dövrəsini hasarlamışdılar. Sonra görmüşdülər ki, yox, yenə döyülürlər, hasarı ucaldıb eləmişdilər Qala. Odur ki, Zorbazombiyə Ölkə də desən yeri vardı, Qala da. Bütün dünya isə onu xəritələrə düşməmiş cırtdan dövlət kimi tanıyırdı. Ancaq əslinə qalanda Zorbazombi əhli bilmərrə, xalis Qala əhli idi və heç vaxt Qala divarlarından bayıra çıxmırdı. Kim də gəlirdi bu ölkəyə onu tənbəllik basırdı, üzünə kəsafət hopurdu, bəsarəti bağlanırdı, əfəlləşirdi, əvvəl çulunu atırdı, sonra iş-gücünü, lap axırda da fikirlərini... və əl-ayağını uzadıb uzun-uzadı yatmağa vərdiş olurdu. Amma buna baxmayaraq günlərin bir günü görürdün ki, bu qaçqın, köçkün, itkin Allah bəndəsi Qalanın bir küncündə özünə daşdan, qənbərdən, gildən, palçıqdan yumru, gümbəzvari bir daxma düzəldib, daxmanı əhənglə ağardıb və başlayıb keflə, həzz ala-ala, günorta muğamatına qulaq asa-asa, mürgü döyə-döyə can çürütməyə. Vaxt çatıb və`də tamam olanda da peşmançılıq çəkməzdi bu adamlar; yə`ni, ölümü veclərinə almazdılar, qoyun kimi yanpörtü yıxılardılar, boyunlarını uzadardılar və üç dəfə asqırıb keçinərdilər.

Zorbazombi duz ölkəsi idi, çoxlu duzu vardı, dənizdən çıxarırdılar, qalaq-qalaq eliyib yığırdılar sahilə. Ayda bir kərə özgə gəmiləri gəlib bu duzu aparırdı, əvəzinə də bir torba gümüş pul qoyub gedirdi. Zorbazombinin küçələrindən divarların böyrü ilə arx çəkmişdilər. Bu arxlardan süd yerinə nöyüt axırdı və tökülürdü Qala qapılarının ağzında səf-səf düzülmüş yekə dəmir çənlərə. Dörd həftədən bir əcnəbilər Zorbazombi ölkəsinə təşrif gətirirdilər, amma içəri girmirdilər, çənləri qatarlara boşaldıb yola salırdılar və axırda bir torba qızıl asırdılar Qala qapılarından. Elə bunun səbəbi idi ki, zalım Zorbazombi əhlinin qızılı, gümüşü çoxdu, di gəl, onların qədrini bilən yoxdu. Çünki bu arsız camaata var-dövlət, pul-para, zər-zərxara lazım deyildi.

Herodot cənablarının Çin pandalarına oxşatdığı zorbazombi adamlar səhər tezdən, belə lap ala-qaranlıqdan, ayılardılar, birbaşa gedərdilər dənizə, qurşağacan yuyunardılar və dayanıb bir-birindən hal-əhval tutardılar ki, qurusunlar. Quruyub girərdilər meyvəliyə, tıxnama yeyərdilər, doyub sakit durardılar, ağızlarını suyla mütləq yaxalardılar və köp qarınlarını iriqulaq Budda kimi yellədə-yellədə qayıdardılar daxmalarına. İçəri girib oturardılar, qapının pərdəsini də çəkib örtərdilər. Hərçənd, bu daxmalara qapı qoyulmazdı, divarda elə dördkünc yarıq saxlanılırdı: onu da nazik pərdə ilə qapadardılar, vəssalam. Heç kimin də heç kəsdə işi olmazdı. Bala-bala gün qalxardı kəllə-çarxa. Aləmi qızdırardı, elə qızdırardı ki, Zorbazombi küçələri cızbız tavasına dönərdi. Bu vaxt bayırda heç kəs görünməzdi. Camaat dürtüldüyü daxmalarda soyunub lüt-üryan olardı. Əslinə baxsan, soyunmağa bir elə paltar da yoxdu. Zorbazombinin kişiləri də, arvadları da nazik ağ parçadan qısaqol paltar geyinərdilər, heç nəyin fərqinə varmazdılar. Rahatlıq onlar üçün hər şeydən əfzəl idi. Elə ki Zorbazombi küçələrində ilan mələməyə başlayırdı, bu adamlar bir göz qırpımında əyinlərini çıxarardılar, büküb qoyardılar böyürlərinə və satıla oxşar qafalarını içi ay kimi oyulmuş daşın üstünə atıb günün istisindən daxma boşluğunda qəfildən peyda olan cansız fiqurlara, lırtlaşmış divarlara, qapının pərdəsi üzərində görükən ağzı-burnu əyilmiş ərgin, qara təsvirlərə baxa-baxa huşa gedərdilər, xorna çəkərdilər. Ona görə Zorbazombi camaatına "dəmyə balqabaqları" ləqəbini qoşmuşdular. Bir də axı, yatmayıb neyləyəydilər? Zorbazombiyə qış düşmürdü. Bu ölkədə yaz da olmurdu, payız da: il on iki ay yay idi.

OLACAQ və ya əsas hadisə.

Bir gün Zorbazombi ölkəsinə bir kişi gəldi. Cağbacaq görünürdü. Qəttəzə kostyum, əcərli köynək, qara lak çəkmələr geyinmişdi. Boynuna da tünd qırmızı bir qalstuk bağlamışdı. Orta boyu vardı, bir azca qabağa dəbərmiş qarnı, enli kürəyi, qısa ayaqları, bığsız-saqqalsız üzü. yorğun boynunun şişman əzələlərindən bilinirdi ki, uzun müddət pəhləvanlıq eliyib. Kiprikləri, qaşları kürən idi, saçları çal, gözləri yaşıl. yumru üzünü ülgüclə o qədər təmiz qaşımışdı ki, dərisi işım-işım işıldayırdı. Allah bu bəndəsindən bir köynək əti də əsirgəməmişdi. Odur ki, pencəyi əyninə qutu kimi qalırdı. Əlqərəz, Zubal ideal bir kişi görkəmində Zorbazombi ölkəsinin Qala qapılarından içəri girdi, günortanın cəhənnəm vaxtına düşdü və istidən üzü o dəqiqə allandı. Qanı qızdı, otuz üç yaşı tamam oldu və saatı bilmək istədi... Qoluna baxdı, gördü saatı yoxdu. Məəttəl qaldı: heç nə anlamadı. Bilmədi ki, saatı evdə qoyub gəlib, yainki yolda salıb itirib. Yrəyində balaca bir mızıltı ilə şeytanı və özünü söydü. Heyfsləndi, ancaq yerişinə haram qatmadı. Qala qapılarından bir xeyli aralandı, amma rastına bir kimsənə çıxmadı. Hər yan səhra kimi bomboş və lal-dinməz idi. Sanki Zorbazombi ölkəsində ömür-billah adam adında bir şey yaşamamışdı. Zubal fikirləşdi ki, yəqin Zorbazombi əhlinə qəfil çər dəyib, yaxud taun üz verib və hamı nagəhan quruyub qaxac olub. Elə bu fikir Zubalın beynindən keçmişdi ki, qarnına girgi düşdü və onu sür`ətlə irəli şığımağa məcbur etdi. Zubal ikiqat olmuşdu, qarnını ovucları ilə xamçalayıb qabağa cumurdu. Dünya-aləm gözünə deyildi. Birdən necə oldusa, girgi gəldiyi kimi də çıxıb getdi. Zubal rahatlandı, köks ötürüb sakitləşdi və gördü ki, eni iki arşın üç çərək olan bir küçə ilə addımlayır, sağı və solu eyni cürə tikilmiş həyət hasarlarıdır; bütün həyətlərin bir-birinə bənzəyən tağlı taxta qapıları var, içəridən isə əhəngli ağ gümbəzlər küpərir.

Qəfildən Zubalın gözünü hasarın üstündə qara kömürlü pinti, əyrim-üyrüm şəkildə cızılmış "Zabrat" sözü aldı. Zabrat Zorbazombinin birinci küçəsi idi. Zubal ayaq saxladı, ətrafına boylandı ki, kimisə görə. Amma görmədi. yaxınlaşıb nabələd bir qapını itələdi. Qapı açılmadı. Döydü, qışqırdı, hay verən olmadı. Duruxdu, çəkildi kənara, çaşdı. Xof girdi Zubalın canına, elədi onu qorxaq, əziz-avara, əzvay. Bu adamın qəttəzə kostyumu da elə bil bir anın içində qırışlandı, bürüşdü. Zubal duydu ki, köməksizdir, tənhadır, tilsimdədir və bu tilsimi sındırmaqda acizdir. Sanki Zubalın sinirləri üstünə ucu xırda düyməli daraq çəkib burdular. Bədəni gizildədi və bayaqdan bəri kürəyinin tən ortasında qıvrılan vicvicə təpərə çevrilib onu arxadan irəli itələdi. Zubal başılovlu addımlarını yeyinlətdi. Tələsdi. Tələsdikcə tərlədi. Tərlədikcə hövsələsi daraldı.

Zubalın saçlarından gilə-gilə su sızırdı. Alt paltarları, köynəyi, şalvarı, pencəyi teyxa yaş olub bədəninə yapışırdı, ağırlaşıb onu yüngül və becid yeriməyə qoymurdu. Bədəninin büküşləri ilə nazlana-nazlana dığırlanan su damlaları ara vermədən, bir-birinin ardınca sürüşüb düşürdü ayaqqabılarının içinə, sonra da buxar olub donqar yekə burnunun qabağında şəffaf, titrək ilğım pərdəsi kimi pərvazlanıb uçurdu. Uzaqdan baxanda Zubalın özü də Zorbazombi ölkəsində buxar qismində görünürdü.

O, öncə istədi çəkmələrini , corablarını çıxartsın, tutsun əlində, amma qorxdu ki, günəşin işığı ucbatından gözlərini bir dəfə yumub əbədi kor qalmış qənbərlər onun yalın ayaqlarını yandıra. Odur ki, tərdən genişlənib şap-şupa dönmüş çəkmələrini yumru qənbərlərin üstü ilə sürükləyə-sürükləyə yoluna davam elədi, az getdi, çox getdi, iynə yarım yol getdi, axırda buruldu sağa. Gördü ki, burada da küçənin adı "Zabrat"dır. Bir şey anlamadı, təzədən tələsdi və yeni döngəyə çatan kimi bir də döndü sağa. Bu küçə də "Zabrat" çıxdı. Bir də sağa getdi, bir də "Zabrat"a rast oldu. Zubal sustlaşdı, tövşüyürdü, fikirləri onun iradəsini kirəcləşdirmiş xof içində anbaan ya qırılırdı, ya da düyün düşürdü. Həhayət, Zubal inandı ki, sağdan əl götürmək lazımdı. Ona görə bu dəfə buruldu sola. Güman eliyirdi ki, sola dönsə, zabratlardan canı qurtaracaq və ola da bilsin ki, gedib Zorbazombinin qonaq evinin düz üstünə çıxacaq. Ancaq Zubalın gümanı gerçəyə çevrilmədi. Solda da bir "Zabrat" vardı. Sağ, sol - hamısı "Zabrat" idi. Zubal bezikdi, donquldandı:
- Gərək qayıdam, yoxsa dəli olaram.
Başını saldı aşağı, çönüb getdi gəldiyi səmtə. yenidən sağa döndü, sola buruldu, sola döndü, sağa buruldu, bir az çaşdı, bir az qaçdı, gördü "Zabrat" necə varsa, eləcə də yerində qalıb. Ha vurnuxdu, geriyə yolu tapa bilmədi.

Zorbazombi ölkəsinin kimsəsiz "Zabrat" küçələrindən birində tər içində tənha bir Zubal dayanmışdı, göydən də məcməyi boyda iri bir günəş asılmışdı. Zubal gözlərini qıyıb baxdı günəşə, burnunun pərələrini şişirtdi, dərindən nəfəs aldı. Həbzi gicgahlarını çəkic kimi döyəclədi. Birdən Zubala elə gəldi ki, günəş onun beynini bişirir və beyni artıq qaynamağa başlayıb. Çimçişdi öz düşüncəsindən, ürəyi bulandı, əti ürpəşdi, mə`dəsindən qəfil bir acıq, qəfil bir hikkə qopub qalxdı yuxarı, doldu huqumuna: əgər bacarsaydı, hoppanıb bir parça tüpürərdi günəşin üzünə. Heç olmasa, hirsi bir balaca soyuyardı, sifətindəki qırmızı köp yatardı. Amma Zubal çox yorulmuşdu, dodaqları qaysaq bağlamışdı, heyi qalmamışdı. Ona görə tüpürmək əvəzinə udqundu, ağzının suyu qayıdıb mə`dəsinə çatmadı, baxışlarını öz əfəlliyini boynuna almış adamlar kimi aşağı dikdi. Zubalı sanki suya salıb çıxarmışdılar: dəmə qoyulmuş aş kimi tər tökürdü. O, cib dəsmalını götürüb üzünü sildi, sonra da bürmələyib saldı boynuna, arxın içi ilə loqquldayıb axan qara nöyütə küt-küt tamaşa elədi.

Höyüt Zubalın baxışlarını apardı, onun gözlərinin qabağı qaranlıq gətirdi, başı da yüngülvari gicəlləndi və bu qaranlığın içində gördü ki, boz qənbərlər dikəlib rəqs eliyir. Zubal iki əli ilə qapadı üzünü və elə bu an dərk etdi ki, Zorbazombi günəşi nə üçün göyə mıxlanmış kimi hərəkətsiz dayanıb. Çünki günəşin Zubala qarşı qəsdi var və onu Zorbazombi ölkəsində görmək istəmir. Zubal günəşə düşmən kəsildi, onu düşdüyü vəziyyətin baisi bildi. Özünə güc gəldi ki, yerindən tərpənsin, amma bacarmadı: elə bil hansı bir tilsimsə onu möhkəm tutub saxlayırdı. Amma Zubal zəif adam deyildi və heç bir tilsimə asanlıqla təslim olmayacaqdı. Ona görə canını dişinə tutub ayaqlarını sürüklədi divara sarı və sağ budu ilə arxa söykənə-söykənə irəlilədi. Sola getdi, sağa getdi, düz getdi, çəp getdi, yadında qalmadı. Gəldi növbəti "Zabrat" küçəsinin növbəti qapısının böyründə dayandı, nəfəsini dərdi və gözlənilmədən asqırdı. Dizləri əsdi, səntirlədi, özünü saxlaya bilmədi, aşdı qapının üstünə. Qapı taybatay açıldı, Zubal yıxıldı içəri. Bura yekə bir həyətdi, torpağı cadar, susuz. Ortada xırda, siyal daşlardan kuduya bənzər bir daxma hörülmüşdü, qapısı, pəncərəsi yox idi, ancaq divarında bir yarıq açılmışdı adamın yarısı boyda, üstündən də nazik ağ pərdə asılmışdı. Zubal tələsik yerdən qalxdı, heç kimi haylamayıb daxmanın pərdəsini araladı, soxuldu evə və həyətdə yanpörtü düşüb qalmış iri bürünc zəngə fikir vermədi. Daxma içəridən təzə əhənglə qaymaq kimi ağardılmışdı, sərdabəyə də oxşayırdı, pirə də. Hərdən daxma kif qoxuyurdu, amma yaman sərin idi. Elə bil Zorbazombi günəşi bura heç dəyməmişdi. İçəridə Zubal gördü ki, küncə bir neçə qızıl, gümüş torbası qoyulub, ağızları da açıq: torpaq döşəmənin üsiündə isə bir-birindən aralıda üç nəfər adam uzanıb yatıb, hərəsinin də altına dördkünc həsir salınıb. Zubalın gözləri kəlləsinə çıxdı: bu adamların üçü də lüt anadangəlmə idi.

Zorbazombi ölkəsinin torpağında girinc olub qaldığı müddətdə Zubala birinci dəfə kölgədə bulunmaq imkanı verilmişdi: xoşbəxtlik üçün bu ona hələlik bəsdi. Zorbazombinin "Zabrat" adlı cəhənnəmlərindən sonra sərin daxma Zubala əsl cənnət kimi görünürdü. Deyəsən, Zubal taleyindən razı qalmışdı ki, təsadüf onu itələyib kölgəyə salıb. Sərin Zubalı həqiqətən məst eləmişdi. Onun yuxusu gəlirdi. Əgər tərli alt paltarları buza dönüb hər dəqiqəbaşı Zubalı çimdikləməsəydi, o, yəqin ki, ayaqüstə yatardı. Kostyumu da yöndəmsiz bir görkəm almışdı, elə bil buzov ağzından çıxmışdı, cındalaşmışdı, əzilmişdi. Ona görə Zubal ayı kimi köntöy tərpəndi yerindən, əvvəl yaxınlaşdı Zorbazombinin yatmış lüt kişisinə, bir dizini vurdu döşəməyə, başını azacıq aşağı əydi, dedi:
- Mənə su ver, susamışam.
Cavab gəlmədi. Zubal qalxdı ayağa, keçdi Zorbazombi ölkəsinin lüt qadınının yanına, iki dizi üstə əyləşdi, qarnını hava ilə doldurub yoğun səslə bəyan elədi:
- Su gətir mənə, ürəyim yanır.
Arvad da ayılmadı. Zubal iməkləyib bu dəfə qıza yetişdi, dodaqlarını dirədi onun qulağına və qışqırdı:
- Uzaq yol gəlmişəm, hava istidi, içməyə mənə su ver.
Qız da Zubala hay vermədi. Zubalın matı-qutu qurudu. Hə edəcəyini bilmədi. Qəfildən ağzını dəli kimi apardı qızın sinəsinə tərəf, qızın döşündən yapışdı, sovurdu. Süd gəlmədi. Onda Zubal qızın döşünün giləsini qabaq dişləri ilə tutub sıxdı. Ağrıdan qız mərmi kimi sıçradı, durub oturdu. Gördü qarşısında pırpız bir kişi əyləşib. Baxdı, baxdı, tanımadı. Əsnədi. Zubal təkrarən dedi:
- yanıram, su gətir içim.
Qız qalxdı ayağa, Zubaldan aralandı, divara yaxınlaşdı, dayandı. Əlini uzadıb nə tövr elədisə, daşların içindən bir piyalə su götürüb qayıtdı, verdi Zubala. Zubal buz kimi soyuq suyu içdi və piyaləni divara çırpıb sındırdı ki, bəlkə yatanlar ayıla. yuxusuna haram qatan olmadı. Qız soruşdu:
- Sən məgər dəlisən?
"yox" dedi Zubal və qalstukunu hövlnak açıb cibinə dürtdü. Zubal görəndə ki, qız təzədən yatmağa hazırlaşır, özündən çıxdı, bir göz qırpımında onun çiyinlərindən tutub bərk-bərk silkələdi və işgəncəli ölümə məhküm edilmiş adam kimi bağırdı:
- Olmaz, olmaz, qoymaram sən yatasan.
Qız Zubala acıqlandı:
- Asta danışa bilmirsən? Qulağım batdı ki. Qışqırma. Burda kar-zad yoxdu. Get, sən də yat. Günorta istisində oyaq qalmaq yasaq buyrulub. Zubal qəfil mə`nasız çılğınlığından peşmanlayıb dala həstədi, əmrağ oldu. Qız yayxanıb başını daşa söykədi və yuxu bişirə-bişirə Zubalı xəbərdar elədi:
- Soyun paltarını, yoxsa ölüm aparar səni. Qız sözünü tamamladı və uyudu. Zubal tək qaldı, əvvəlcə diqqətlə baxdı qızın sifətinə: inanmırdı ki, belə tez yuxuya getmək olar; amma sonra gördü ki, həqiqətən qızın yatmağına şübhə yoxdur, başladı soyunmağa. Heyləsin, utanırdı, necə olsa, vərdiş eləməmişdi. Bir də soyuq götürmüşdü onu: istəyirdi yaş pal-paltarından yaxasını qurtarsın. Zubal əynində nə vardısa, hamısını çıxartdı. Çılpaq olub qollarını sinəsində çarpazladı və qızın ağappaq bədəninin yanında şöngüdü. Fikirləşdi ki, görəsən Zorbazombi günəşi bu qızın bədəninə heç dəyməyib?
Daxmada hamı mışıl-mışıl yatırdı, bircə Zubal oyaq idi. Çalışırdı ki, Zorbazombi ölkəsinə necə gəldiyini xatırlasın; yadına salıb görsün ki, bu xaraba torpağa ayaq basmamışdan öncə kim olub, hansı yerlərdə fırlanıb. Amma heç nə alınmırdı. Çünki günəş onun yaddaşını aça biləcək şifrələri pozmuşdu.
Əhəngli divarlara key kimi tamaşa eləmək Zubalı bezdirdi. O darıxdı, öz bekarçılığından əzildi, mə`yuslaşdı və tənhalığından gizlənmək üçün tir çəkib uzandı, üzünü çevirdi qıza tərəf. Elə bu vaxt Zubal duydu ki, qızdan müşk qoxusu gəlir. Qan vurdu beyninə, barmaqlarını oğrun-oğrun, ehmalca gəzdirdi qızın dərisi üstündə, qarnını şövqlə tumarladı, nəfəsi daraldı, gözü qızardı və anladı ki, Zorbazombi ölkəsi Zubal adlı bir kimsə üçün yalnız və yalnız bu gözəlçədən başlayır. Zubal azacıq dikəldi, qızın döş giləsini yüngülcə dişləyib onu yuxudan ayıltdı. Bu dəfə qız yerindən sıçramadı, acıqla Zubalın üzünə baxdı və soruşdu:
- Hə var, yenə nə istəyirsən?
- Acmışam, məni doyuzdur - deyə, - Zubal öz həqiqi istəyini gizlətdi.
Qız bu dəfə də gözlərini yumub e`tinasız bir tərzdə mə`lumat verdi:
- Bizim adamlar evdə yemək saxlamazlar. yeməyimiz həmişə bağda, bostanda olar. İndi mən səni necə doyuzdurum?
- Eybi yox, dözərəm. - Zorbazombi günəşi Zubalın cilovunu yandırıb külə döndərmişdi. Zubal nə etdiyini bilmirdi və bilmək də istəmirdi. Çünki adamlıqdan çıxırdı, teyxa ehtirasa çevrilirdi, sanki dili də ağzında böyüyüb danışığını çətinləşdirirdi.
- Sən amma yuxuna haram qatma... mənə görə. yat. Allah yazan olacaq... mənə görə. Heç nəyə fikir vermə... mənə görə. yat. Qoy sənin döşlərini əmim, sığallayım.
- Zubal həyasız, şit danışığından xoşhallanırdı.
- Qoy mən... mən... səni quzu anasını... əmən... əmən... kimi əmim, yeyim döşlərini. Onda doyaram. İcazə verirsən?
yuxusunun uzaqlığı içindən qız sadəlövh bir uşaq kimi dedi: - Əgər doyarsansa, əm, ancaq dişləmə.
Zubal qızın başını daşın üstündən götürüb qoydu yerə, özü isə dəvə kimi diz vurub oturdu böyründə. Əvvəl əlini sürtdü qızın buduna, sonra ağzını aparıb dayadı onun pambıq kimi ağ döşünə: kefi necə buyurdusa, Zubal döşü eləcə də əmdi, xamçaladı, əmdi. Əmə-əmə qızı aldı altına. Qız duydu ki, Zubalın fikri başqadır, bir şapalaq vurdu ona. Zubala bu, əsər eləmədi. Onda qız:
- Səndən tər iyi gəlir... üff... üfunət, düş aşağı abırsız, murdarın biri murdar, - deyib Zubalın həvəsini öldürmək üçün cəhd göstərdi. Zalım Zubal kal armud kimi bərk idi, dəvə kimi nataraz idi, kəl kimi güclü idi. Odur ki, heç nəyə məhəl qoymadı. Qızın zərif və zəif biləklərindən möhkəm yapışıb onun dodaqlarına təpindi. Dodaqlar ilbizə dönüb bir-birinə sarmandı. Zubalın zoru qıza toxunan kimi o, dəridən təzəcə çıxardılmış quyruq timsalında titrədi, sonra ləms oldu, tanımadığı kişinin qabağında yumşaq, pərqu balış şəklində yumrulandı, bakirəliyini itirdi və xumarlanıb yatdı. Zubal qızı boğaz elədi, sakitləşdi və ustufca yumbalanıb həsirin üstünə düşdü, yuxuladı.

FƏLAKƏT və ya nəqlin ən müdhiş məqamı.

Zubal zəng səsinə yuxudan ayıldı. O, yalnız xristian məmləkətlərində belə zəng səsləri eşitmişdi. Gördü ki, qız yanında yoxdur və on nəfər ağ çuxalı, ağ ləçəkli zırpı kişi dövrəsində dayanıb. Heç nə anlamadı, matdım-matdım baxdı on kişinin üzünə, tək birini tanıdı. Bu, onun bayaq oyada bilmədiyi ev sahibi idi. Zubal cə`y elədi ki, durub geyinsin, amma Zubalı çiyinlərindən basıb saxladılar. Ev sahibi həsiri onun altından qeyzlə dartıb çəkdi, qan ləkəsini digər doqquz kişiyə göstərdi və əlini düz Zubalın üzünə tuşlayıb dedi:
- Ay camaat, bu uzunqulaq oğlu uzunqulaq, mənim qızımın namusuna toxunub. Cəzalanmalıdır.
Doqquz kişi bir ağızdan:
- Allah yazan olacaq, - qışqırıb Zubalı daxmadan çölə çıxartdı və onu meyit kimi uzadıb yuxarı qaldırdı. Bir anlığa Zubala elə gəldi ki, çarmıxdan düşürülmüş İsa Məsihdir.
Günorta Zubalın zopaya bənzər zorunun zülmü, hərarəti və həzzilə dönüb qadın olmuş və atasının zəhmindən qorxub şaşırmış Zübalə qara paltar keçirmişdi əyninə və daxmanın girəcəyindəki axşam kölgəliyində dayanıb bürünc zəngi aram-aram dınqıldadırdı. Onun üzünü elə bil təbaşir sıyığı ilə ağarmıştdılar, gözlərini də qara boya ilə dairələmişdilər.

Doqquz kişi tələsik həyəti tərk elədi, çiyinlərində də Zubal. Son məqamda Zubal yalnız Zübalənin maskalanmış üzünü görməyə, onun gözlərinin içinə baxmağa macal tapmışdı. Ancaq heç cürə qavraya bilməmişdi ki, Zübalə onu görür, ya yox.

Zubal Zorbazombi ölkəsini bu dəfə üfqi vəziyyətdə dolaşacaqdı, özü də lüt. Ölü kimi uzanacaqdı və təkcə açıq gözlərilə Zorbazombi səmasının fotoşəkillərini çəkəcəkdi, Zorbazombinin axşam ovqatını içinə hopduracaqdı.

Gün yerində görünmür. Heç bulud da yoxdur.

Bilinmir ki, "Zabrat"lar harada başlayır, harada qurtarır. Zubal küçələri fərqləndirməkdə acizdir.

Xay bir havadır.

Zəif zəng səsləri gəlir, gəlib Zubalın beyninə dəyir, onun fikirlərini qırıb dağıdır.
Heç yandan meh əsmir, yarpaq belə tərpənmir. Səslər də sanki çilik-çilikdir.
Zorbazombi ölkəsi günəşsiz qalıb. Bürkü isə heç-hara getməyib. yumurtayabənzər gümbəzlərin rəsmiyyəti onu bezdirir. Axşamdır, ancaq qaş qaralan vaxta hələ çox var. Zubal nə baş verdiyini anlamır.

Zorbazombi ölkəsində ağ rəng bolluğu Zubalı darıxdırır. Daha zəng səsləri eşidilmir.

Zubalı çiyinlərində aparan kişilər becid addımlayırlar. Zubal düşünmək istəyir, bacarmır, nəyisə xatırlamağa çalışır, yaddaşı quru yayma kimi ovxalanıb sıçrayır ətrafa. Heç nə alınmır. Hərdən arxdakı nöyüt loqquldayıb aramlaşır. Bu səs həmişə yaxındadır. Zubal Zorbazombinin hava axınına qoşulub harasa sürüşür, gözlərini zilləyib Zorbazombinin açıq, təmiz səmasına baxır, göyün zərif göylüyü, çərçivə bilməyən genişliyi və duruluğu ona rahatlıq gətirir. Zubal sustalır, Zorbazombini unudur və gözlərini yumur. Zubal mürgüləyir...

Və arxasıyca yalın ayaqlarını istisi hələ canından çıxmamış qənbərlərin üstünə ehtiyatla qoyub pişik kimi səssiz yeriyən bir xızan ağ geyimli adamı görmür.

Bəli, onu Zühəl planetindən naqolay hoppanıb Zorbazombinin yeganə meydanının düz ortasına kəllə-mayallaq düşmüş, eni, uzunu, hündürlüyü arşın yarım olan qan kimi qırmızı bir daşın qarşısına gətirib yerə buraxdılar. Zubal ayıldı. Baxdı ki, ağ çuxa Zorbazombi camaatı onu və qırmızı daşı dövrəyə alıb dayanıb. Zubal carısını uddu, susub ona tamaşa edən bir meydan adamın gözlərinin ifadəsini görəndə isə iki əliylə pülüyünün üstünü tələsik qapadı. Elə bu an Zorbazombinin kişiləri onun əl-qolunu tutub burdular, arxaya dartıb yoğun kəndirlə möhkəm bağladılar, sonra Zubalın ayaqlarını araladılar, budlarını tənziflə ombadan aşağı uzun taxtalarla sarıdılar. Dörd nəfər Zubalı dikinə götürüb qırmızı daşa yaxınlaşdırdı. Zübalənin atası gəlib onun rüculətini xamçaladı, yuxarı dartdı və qoydu daşın üstünə, böyründən də almaz kimi itilənmiş qəmə çıxartdı. Qəmə işıldadı, meydana yığışanların gözlərinin içini birdən-birə parıldatdı.
Hamı susmuşdu. Zubal özgə əllərinin kəlbətin ağzı içində heç cürə tərpənə bilmirdi: onun bir ürəyi çırpınırdı, bir də burnu fısıldayırdı. Kişilərdən kimsə Zubalı qurşaqdan bərk-bərk qucaqladı, belini arxaya qardı, dedi:

- Zərbanzül əmi, məsələni uzatma, al intiqamını.
Birdən Zubalın key biganəliyi içindən qəfil bir güc vücuda gəldi, onun dilini açdı. Zubal boğuq bir səslə qışqırdı:
- Dəyməyin mənə, dəyməyin. Əl saxlayın, aman verin. Qoymayın. Kömək eliyin. yox, yox, olmaz. Mən rejissoram. Zorbazombiyə teatr çıxarmağa gəlmişəm.
Camaat qəhqəhə çəkib güldü. Keçi kimi hırıldayan kütləyə qulaq asa-asa Zubal fikirləşdi ki, bəlkə onunla zarafat edirlər, bəlkə onu utandırmaqdan ötrü bu həngaməni qurublar? Ola da bilsin ki, - Zubal beyninin künc-bucağını qurdalayıb bir anın içində tapdığı və saman çöpü kimi yapışdığı yeni, gözlənilməz fərziyyədən sevindi, - Zorbazombi əhli məzələnmək üçün onu bir günlüyə şah seçib təlxək kimi oynadır. Zubal özündən, öz "kəşf"indən o qədər xoşhallandı ki, o qədər razı qaldı ki, camaat arasında lüt dayandığını unutdu, xofu buxarlanıb canından çıxdı və dodaqları azacıq qaçdı. Lakin Zübalənin atasının hikkə ilə başının üstünə qovzadığı qəmə onun yenicə pöhrələnmiş ümidinə elə havadaca bir nöqtə qoydu və meydanda hırıldayanların ağzını sanki möhürlədi. Zubalın ürəyi əsdi, amma bu dəfə ona güc gəlmədi ki, qışqırsın; heysiz olub yalvardı: - Hə olar, buraxın məni, and olsun Allaha, məni xəcil eləməyin. İsti məni elə bir günə qoy... ki... - Zubalın dili topuq çaldı - isti... isti... istə... o qızı mən... məni...
Zorbazombi meydanına toplaşmış kütlə bir də güldü, hırıldamadı, diş ağartmadı. Zübalənin atası Zərbanzül ötkəm adam idi, sözü bütöv adam idi, böyük-kiçik yeri bilən adam idi, Zorbazombinin tumluğu idi, ona görə də istəmədi Zubal xalqın içində artıq-əskik danışsın. Həcabət və təmkin bildirən pauza götürdü, sonra rişxəndcil bir əda ilə onun sözünü kəsdi:
- Təlxək olmağına təlxəksən, di gəl ki, abırsız adamsan. Sən səhv salıb Paris əvəzinə Zorbazombi ölkəsinə dürtülmüsən. Ancaq neyləməli, qismətin belə imiş, quşun bura, - əliylə qırmızı daşı göstərdi, - qonubmuş. - Zubalın böyrünü kəsdirmiş doqquz kişi pıqqıldayıb başını aşağı saldı, Zərbanzül qəmə dəstəyini ovcunda möhkəm sıxdı və uca səslə əlavə etdi: - Eşidin və agah olun. Bu adam mənim papağımı yerə soxub. İndi mən onun papağını yerə soxaceyəm. Elə eləyəcəyəm ki, o, bir də heç bir arvada yaxın düşə bilməyəcək. Allah yazdığını pozmur. O, dedi və elədi, əlində tutduğu qəməni var gücü ilə Zubalın rüculətinin üstünə çırpdı. Şiddətli zərbə nəticəsində Zubalın pülüyü sıçrayıb qanlı-qanlı dəydi Zərbanzülün sifətinə və tullanıb düşdü kənara. Zərbanzül özünü itirmədi, əlinə bir xamça duz götürüb basdı yaraya. Zubal kəl kimi böyürdü və ağrının qaranlığı içindən gördü ki, onun paçaları arasında əlləşən rüculət cəlladının başı keçəldir. O, fürsəti fövtə verməyib bir lomba kişinin keçəlinə tüpürdü və ona elə gəldi ki, artıq Zorbazombi günəşi ilə haqq-hesabı çürüdüb. Zubalın bu hərəkətini heç kəs vecinə almadı. Onun yarasını nöyütləyib sarıdılar. Doqquz kişi Zubalı çiyninə götürüb onu yenidən Zərbanzülün daxmasına apardı. Zubalı yerə uzatdılar, taxtaları ayaqlarından açıb qırağa tulladılar. Zübalə gəldi, onun başının altına daş qoydu, yaraya baxdı, gülümsündü, getdi. Zubal ağladı və huşunu itirdi.

FİHAL və ya bir ölümün təfsilatı

Zubal düz qırx gün, qırx gecə yatdı. Vaxt tamam olanda ayıldı, gördü ki, çılpaq Zübalə onun yanında oturub düz üzünə baxır. Dinmədi, üzünü yana çevirib körpə uşaqlar kimi təzədən yuxuladı. yaman zəifləmişdi, taqəti qalmamışdı: oyanmaq istəmirdi. Zübalə anladı ki, Zubalı özbaşına buraxmaq olmaz, cəld tutub onun burnunu sıxdı. Zubal gənəsi olan pişiklər kimi başını sürtdü daşa, çabaladı, gah bu böyrü üstə çöndü, gah o böyrü, nəhayət, gözlərini açıb bərəltdi. Zübalə əlini Zubalın burnundan çəkdi. Zubal ciyər dolusu nəfəs aldı və yavaş bir səslə qızdan xahiş elədi ki, su gətirsin. Zübalə onun kürəyindən qaldırıb dikəltdi, özü isə ayağa durdu, gedib bir piyalə su ilə qayıtdı. Zubal suyu qurtumlayıb içdi, piyaləni Zübaləyə uzadıb soruşdu:
- Bura haradı?
Zübalə piyaləni götürüb sualı cavabladı:
-Zorbazombi ölkəsi.
Zubal ümidsiz adamlar kimi mızıldadı:
- Sizlərdə güzgü olur?
Zübalə heç nə söyləmədi, əyilib həsirin altından fətir boyda bir güzgü çıxartdı, tutdu Zubalın burnunun qabağına. Zubal güzgünü götürdü, qızın biləyindən astaca yapışdı və imtina barədə düşünməyə imkan verməyəcək bir həlimliklə dedi:
- Gəl sən də əyləş burda, kürəklərimizi bir-birinə söykəyək, yoxsa oturmaq mənə çətin olur.
Zorbazombi ölkəsinin balaca daxmalarının birində ağ gümbəz altında iki nəfər, Zubal və Zübalə, kürək kürəyə verib əyləşmişdi. Birisinin əlində piyalə vardı, o birisinin əlində güzgü. Zorbazombinin günəşi qürub edirdi, günorta qurtarmaq üzrə idi. Bu Zubalın Zorbazombi ölkəsində qırx birinci və sonuncu axşamı olacaqdı.
Zubal güzgüdə özünə baxdı, üzünü bir qaşıq gördü. Ordları batmışdı, sifətinin dərisi qırışlanmışdı, gözləri çuxura düşmüşdü, qıyıqlanmışdı, almacıq sümüklərinin donqarı görsənirdi, saçları uzanıb çiyinlərinə tökülürdü, çənəsindən bir topa sıyıq şeytan saqqalı sallanmışdı, bığ yerində sap kimi nazik kürən tüklər bitmişdi, rəngi sapsarı saralmışdı. Elə bu vaxt Zubala əyan oldu ki, güzgüdən ona tamaşa eliyən cinəbənzər məxluq əsl sənətçidir, rejissordur. Ancaq Zubal buna sevinmədi, özünün kamil sənətçi əksinə çox e`tinasız yanaşdı və güzgünün səmtini dəyişib aşağı yönəltdi: döş qəfəsi elə bil iki tərəfdən sıxılmışdı, qabırğaları zoğ-zoğ dayanmışdı, qarnının üstündə xırda qırmızımtıl səpgi əmələ gəlmişdi. Bundan o yana baxmağa Zubalın cür`əti çatmadı. Bircə onu eliyə bildi ki, əliylə rüculətini yoxladı: incəlmiş uzun barmaqlarına quru gözdən savayı bir şey dəymədi.
Araya dərin sükut çökmüşdü. Zubal və Zübalənin nitqi sanki qurumuşdu. Zorbazombi əhli üçün bu, təbii və adi hal idi. Çünki günəş Zorbazombi camaatının danışmaq həvəsini öldürmüşdü və onlar bu vərdişi bilmərrə itirmişdilər. Zubal da söhbət eləməyi artıq yadırğamışdı. Odur ki, pauza get-gedə böyüyürdü. Əslində Zubal üçün bunun heç bir fərqi yoxdu. Bir də onun fikri başqa yerdə dolaşırdı... Zubal əlini yarasının üstündən götürdü, bir "ah" çəkdi, dalıyca əsnədi, nisbətən sakitləşdi, əzələlərindəki gərginlik itdi, içində bir boşluq hiss elədi və ifadəsiz baxışlarını zillədi daxmanın pərdəsi üzərində görünən qara kölgələrə: kölgələr onun gözünü apardı, yuxu özünü. Zubal xoruldadı. Zübalənin əsəbləri bu xorultuya tablamadı. O, əlindəki piyaləni qolaylanıb üzbəüz divara çırpdı. Piyalə çiliklənib torpağa səpələndi. Zubal cingiltiyə diksindi, gözlərini açıb pampaq-pampaq ətrafa boylandı. Zübalə kiçik adamlar kimi Zubaldan kinayə ilə soruşdu:
- Mənim adım Zübalə. Bəs sənin adın nədi, qoçaq?
- Zubal Zırpısoykin.
Onlar kürək kürəyə oturub dizlərini qucaqlamışdılar. Zübalə bu dəfə:
- Eşitdim ki, buralara teatr çıxarmağa gəlmisən? - sualını verdi Zubala.
Zubalın cavabı qısa oldu:
- Səni aldatmayıblar.
- Bu sənin arzun idi?
- Alın yazım.
- Məni də öz teatrına götürərsənmi?
- Zəhər versəm içərsənmi?
- yox.
- Onda mən də yox.
Hər ikisi çevrilib bir-birinin üzünə baxdı. Zubal dedi:
- Mən getməliyəm.
- Hara?
- Olsun ki, teatr çıxarmağa.
Zubal Zübalənin çiyinlərinə dirəklənib yerindən qalxdı. Başı gicəllənmədi, özünü zəif hiss eləmədi. Baxdı Zübalənin üzünə, gördü ki, onun gözlərinin dərinliyində "Bu necə adamdır?" fikrinin şübhələri gizlənib. Fərqinə varmadı. Zübalə bu soyuq e`tinasızlığı duydu, köks ötürdü, yayxanıb həsirin üstündə uzandı: aşağıdan yuxarı Zubalı diqqətlə süzdü və anladı ki, qarşısında cansız müqəvva dayanıb. Zubal bu baxışı dərhal tutdu, pörtdü, elə bil ki, bədəninə istilik gəldi. Fağırlaşıb az qala Zübaləyə yalvardı:
- Sən Allah, məni incitmə, dur ver paltarlarımı, mən getməliyəm.
- Hara? - deyib Zübalə bayaqkı sualını bir də təkrar elədi.
- Heç özüm də bilmirəm. Ancaq acından ölürəm. Bir şey gətir yeyim. Zübalə ayağa qalxdı:
- Səni tək heç yerə buraxmayacağam. Mənimlə gedərsən, Allahın yetirdiyindən yeyərsən.
Zübalə Zubaldan ayrılıb divara yaxınlaşdı, necə elədisə, divarın içindən bir qutu götürdü, gətirib verdi Zubala:
- Al, bu da sənin kostyumun.
Zubal qutunu açdı, ordan qəttəzə kostyum, köynək, qalstuk, əl yaylığı və çəkmələr çıxartdı, ata-anasının ona öyrətdiyi klassik tərzdə şıq geyindi, baxan deyərdi ki, bəs Hobel mükafatı almağa gedir. Zübalə Zubalın geyiminə bir xeyli tamaşa elədi, axırda da ona dedi ki, bayırda gözləsin, gəlir. Zubal bunu eşitmişdi ki, çönüb Zübalənin atası Zərbanzülün həyətindən yeyin addımlarla dəf oldu, küçəyə çıxdı yenə də gözünə bir kimsə sataşmadı. Qapı ağzında o tərəfə getdi, bu tərəfə gəldi, döndü getdi, döndü gəldi. Göydə qəməyə bənzər Ay gördü, bir də batan günəşin qırmızı haləsini. Əvvəl Ay onu apardı dalıyca, sonra qovdu və düşdü arxasına. Bir az oynadılar, Zubal yoruldu və gözünü zillədi uzun-uzadı uzanıb gedən küçəyə, divarlara, həyət qapılarına, birdən ayıldı ki, ay dadi-bidad, yenidən çaşıb, hansı qapıdan çıxdığını yadına sala bilmir. Zubalın bədəninə eləsən od basdılar, həyəcanlandı, qorxdu ki, Zübalə də onu aldatmış olar. Zubal yə`qin etdi ki, azıb və bir anlığa it-pişik kimi qoxuları tanımaq bacarığının onda olmadığına heyfsiləndi. Zərbanzülün həyət qapısı heç yerdə yox idi, elə bil qanad bağlayıb Zorbazombi ölkəsindən uçmuşdu. Zubal yerindəcə hiss eliyirdi ki, gözlərinin qabağı qaranlıq gətirir, dizləri əsir, yol ayağının altından qaçır. Zubalın qarnına küt bir ağrı dolmuşdu, ögüməyi gəlirdi. Duyurdu ki, artıq bir addım da ata bilməyəcək. Ona görə də dayandı, sinə dolu nəfəs aldı və qanrılıb gəldiyi yola baxmaq istəyəndə əti ürpəşdi, çiyrindi: düz böyründəki qapının üstündən onun mumiyalanmış pülüyünü asmışdılar. Bu, Zərbanzül qızı Zübalənin yaşadığı həyətin qapısı idi. Zubal bilmədi gülsün, ya hönkürüb ağlasın.
Elə bu vaxt Zübalə qapıdan bayıra çıxdı: adi, ağ qısaqol paltar geyinmişdi, saçlarını qaraçı qızları kimi darayıb çiyinlərinə tökmüşdü, gözlərinə sürmə yaxmışdı, dodaqlarına tünd qırmızı boya sürtmüşdü, di gəl ki, ayaq yalın idi. Zubal daha heç nəyə təəccüblənmirdi. O, yaxınlaşıb Zübalənin əlini ovcuna aldı və öpdü. Zübalə gülümsünüb soruşdu:
- Əllərin niyə belə soyuqdur? - sonra əlavə etdi: - Mənsiz darıxmadın ki?
Zubal cavab vermədi, baxışlarını aşağı dikdi, bir anlığa Zübaləni öz halalı bildi, onun qoluna girib qabağa addımladı. yenə heç kim danışmırdı. Bir xeyli dinməzcə getdilər. Axırı Zubal dilləndi:
- Dizlərimin giri qalmayıb, ölürəm acından.
Zübalə:
- Güman edirəm, daha məni əmmək istəmirsən? - deyib Zubalın böyrünü yavaşca dümsüklədi.
Zubalın rəngi qaçmış qulaqlarının dibi qızardı. Ancaq bunu heç kim görmədi. Təzədən hər ikisi susdu.
Rejissor Zubal Zırpısoykin danışmağa söz axtarırdı, amma ağlına heç nə gəlmirdi. Zorbazombi Zubalı elə bil diri-diri qurudurdu. Zubalsa istəmirdi Zorbazombiyə təslim olsun; istəmirdi ki, cansız kuklaya çevrilsin. Çalışırdı ki, diri olduğunu hər an özünə sübut eləsin. Əfsus ki, artıq gec idi. Zorbazombi ölkəsinə qaranlıq düşürdü. Küçələrdə adamlar görünməyə başlamışdı, hamısı da ağ geyimdə, hamısı da ayaqyalın. Bala-bala hava qaralıb kömür rəngi alırdı. Camaat göydən gələn ay işığını tutub gedirdi. Zübalə ağzını qıfıllamışdı. Zubalın içində isə bu qaranlığın və sonu bilinməz müəmmaların tə`sirindən bir qorxu şişib, şişib böyüyürdü Zubal qorxurdu ki, Zorbazombinin nöyüt qoxuyan qaranlığından qurtulmaq heç vaxt mümkün olmaya və o, bu qəmbərli yollarda yiyəsini itirmiş tula kimi həmişəlik veyillənmək məcburiyyətində qala. Zubal Zübalənin qolundan bərk-bərk yapışmışdı: əlini bir anlığa Zübalədən çəksəydi, bəlkə də onu iflic vurardı. Zorbazombinin küçələrində adamların və kölgələrin sayı dəqiqəbədəqiqə artırdı. Zubal Zübaləyə daha çox qısılırdı. Kölgələrin boyu uzun idi, şəkilləri zil qara, qəvi, nataraz. Onlar sanki tüstü kimi adamların dabanlarından çıxıb yerə yayılmışdılar. Bu kölgələr səssiz yeriyirdilər, yeriyə-yeriyə gəlib Zubalı aradan bölürdülər, başını, sinəsini qarnını yarırdılar, içindən asudə keçib gedirdilər. Zubalın ürəyi qövr eləyirdi. O, inanmırdı ki, diridir, diri adamlar arasında gəzib dolanır və getdiyi yol gor yolu deyil. Zubal bir təhər özünü sıxıb boğuq bir səslə dedi:
- Bu ölkədə axşamlar işıq yandırmırlar?
Elə bil onun sözünü eşitdilər, Zorbazombini dümağ işığa qərq etdilər. Hətta küçələrdə "Zabrat" kəlməsi yazılmış nəfis lövhələr və çox saylı reklamlar peyda oldu ki, onlardan da al-əlvan gur işıq fışqırırdı. Zubal ani olaraq uşaq kimi sevindi və çox tez də süstləşib qızın belini qucaqladı, başını qoydu onun çiyninə. Hər ikisi bir-birinə qısılıb addımlarını yavaşıtdı. Zubal və Zübalə qol-boyun olub getdilər... Getdilər, getdilər, yetişdilər şəhər meydanına. Meydan dolu adam idi, sanki bütün Zorbazombi bura axışmışdı. Kafelər, restoranlar, meyxanələr, xüsusilə də üzük qaşı kimi bərq vuran kazino cavan oğan və qızların hay-küyündən az qalırdı ki, partlasın. Meydan öz-özünə musiqi içində dingildəyirdi: oxşayırdı limanda kefli-kefli ləngər vuran nəhəng gəmiyə. Hər tərəfdə şıdırğı rəqs gedirdi. Hər tərəfdə şıdırğı rəqs məkan içrə əyri və düz xətləri bir-birinə calamışdı. Lap mö`cüzə idi. Adamların çoxusu elə meydanın ortasında oynayırdı, bir hissəsi isə açıq havada modern üslubunda tikilmiş kafe və restoranların mərmər döşəməsində. Meydanın rəqs çələngi tvis, mamba, çarliston, rok-n-rol və digər "dans"lardan "hörülmüşdü". Lakin bunların heç biri Zubalın vecinə deyildi; - o, yalnız qarnının həşirindəydi. Qarnı da işin tərsliyindən yaman bərk uğultu salmışdı. Zubal da istəmirdi ki, Zübalə bu səsləri eşidə. Hərçənd ki, bu uğultunun eşidilmə ehtimalı sıfra bərabərdi. Bir də ki, Zübalə yorulmuşdu. Halı yoxdu ki, nəyəsə əhəmiyyət versin. Zalım Zubalın ağırlığı Zübaləni heydən salmışdı. O, Zubalı ağ mərmər pilləkənlərlə üzü yuxarı birtəhər sürükləyib Zorbazombi meydanının Ağ kafesinə çıxartdı, onu ağ mərmərdən düzəldilmiş dəyirmi masanın arxasında ağ mərmər stulda oturtdu, özü də keçib üzbəüz əyləşdi. Ətrafda kim vardısa, hamısı ağ geyinmiş, hamısı da ayaqyalın... Bircə Zubalın çəkmələri vardı, özü də qara kostyumuna, qırmızı qalstukuna jaraşırdı. Həzin bir fransız fəvvarələrin ağzında sınıb, çiliklənib yağış kimi səpələnirdi çarhovuzun üstünə. Bu fəvvarələr sanki kafenin pıçıldaşan ağ pərdələri idi, Zubala xoş laylay deyib onu uyudurdu. Zubal huşa gedər-getməz qarson onlara yaxınlaşdı. Zübalə qarsona dedi ki, ən yaxşı yeməkləri gətirsin ortaya. Zubalın nəyəsə müdaxilə etməyə taqəti qalmamışdı. Beş-on dəqiqəyə qarson geri qayıtdı və masanın üstünü Zubalın hələ indiyəcən görmədiyi bişinti və meyvələrlə doldurdu. Zubal qarsonun getməyini gözləmədi, əlini atıb bişintidən birini götürdü, hop eləyib yedi, sonra ikincisinə, üçüncüsünə təpindi. Gözlərinə eləsən bir balaca işıq gəldi, qulaqları istiləndi. Dördüncüsünü hop eləyib udmadı, dişlədi, çeynəyib çox tanış bir dad duydu, lakin nə yediyini müəyyənləşdirə bilmədi, soruşdu:
- Bu nədi belə?
- Hə qutabdır, nə kətə. Kütabədir. - Zübalə ayağını ayağının üstünə aşırdı, qarşısındakı üzüm şirəsindən bir qurtum içdi, siqaret yandırdı. Tüstünün iyindən Zubal bildi ki, hətta dünyanın ən bahalı siqaretinin də Zorbazombi ölkəsinə gəlməyə yolu var... - Bu kütabələri, - Zübalə izahat verdi, - kududan bişirirlər, xəmirdir, kündələyib yayırlar, içinə əziyi bir qazanda qarışdırılmış kudu, paxla, mərci və lavaşana yaxırlar. Duzu, istiotu, sumağı da öz yerində. Bir az şəkər də qatanda lap ə`la olur. Onu bil ki, Zorbazombi ölkəsində heç kim ət yeməz. Bizimki göyərtidi, tərəvəzdi, meyvədi.
Zubal:
- Görünür bu məmləkətdə otlaqlar boldu, - deyib Zubal kütabədən almadığı həzzin hayfını Zübalədən çıxmaq istədi. Qız kefini pozmadı, siqaretinin külünü çırpdı və nazik bir ananas dilimi götürüb ağzına atdı, tamsındı:
- Eyb eləməz, sən də öyrəşərsən.
Zubal kütabələri tar-mar elədi. Ağzına başqa nə qoydusa, uda bilmədi. Keçdi bir neçə banan yedi. Sonra qıza dedi ki, acından ölür. Zübalə qarsonu bir daha çağırıb qulağına nəsə pıçıldadı. Qarson gözdən itdi: o gəlincə Zubal bir xeyli üzüm şirəsi içdi. Bu dəfə qarson iri bir gil qazança ilə geri döndü. Qazanda bişmiş kartoflar buğlanırdı. Zubal girişdi kartofa, beşini, ya altısını soyub yedi, doydu, əlini çəkdi, sakit oturdu. Qabağında bir qalaq qabıq vardı, elə bil donuz eşələnmişdi. Hər halda cənab Zırpısoykin özünü tox bildi və Zübalədən bir siqaret alıb yandırdı, dedi:
- Sən mənə kömək elə, mən buradan çıxım gedim, yoxsa ürəyim partlayacaq.
- Zorbazombidə bu qədər adam yaşayır, onlara heç nə olmur, sənə nə olasıdı? - Zübalə siqaretini külqabıda söndürdü, tüstünü bayıra üfürə-üfürə, - sən də burada qalacaqsan, onsuz da getməyə yerin yoxdu, - deyib əlini üzüm şirəsi dolu bokala uzatdı.
- Mən avarayam, səfiləm bəyəm?
- yox. Amma mən də kor deyiləm. Bir də getməyə yeri olan adam Zorbazombi ölkəsinə gəlmir.
- Mən Zubal Zırpısoykin, - Zubal coşdu, əli titrədi və siqaretinin külü pencəyinin üstünə dağıldı, - bura ona görə gəlməmişəm ki, getməyə yerim olmayıb. Mən Zorbazombiyə ideyadan ötrü gəlmişəm. Bu ideya heç vaxt tükənəsi deyil. Mənim taleyimi bu ideya müəyyən edir. Sən ki, belə dedin, mən artıq heç yana yerimdən tərpənməyəcəyəm, qalıb Zorbazombi ölkəsində teatr yaradacağam. Bu, - Zubal vecdə gəlirdi, - mənim teatrım olacaq. Dünyada elə bir teatr ki, bənzərsiz, vahid, tək, unikal... kal... Mənim teatrım saf işıq teatrı olacaq, xalis, dümağ işıq teatrı. Səhnədə yalnız ruhlar və ideyalar görünəcək. - O, getdikcə özünə daha çox qapılırdı. - Mən təfəkkür rejissoruyam. Mən zaman və məkan dışında mövcud bir teatrın yaradıcısı adını qazanmaq istəyirəm. - Zubal bütün vücudu ilə danışırdı: - Tarixçilər bu dövrün mədəniyyəti haqqında yazarkən məni və mənim teatrımı tanıtmaqdan ötrü "Zorbazombi fenomeni" və yaxud "Zırpısoykin Zorbazombi ölkəsində" kəlmələrindən istifadə edəcəklər. Zorbazombi camaatı səhnəyə and içəcək. Mən buraya əbədi bayram gətirəcəyəm.
Zübalə Zubalın sözünü qəfildən kəsdi:
- Əgər bütün dünya teatrsa, onda bu dünyada əlavə teatr nəyə gərək? Zübalənin sualı elə gözlənilməz oldu ki, Zırpısoykin çaşdı, gözlərini döydü və monoloqunu yarımçıq saxladı: nəfəsini dərdi, bir də ətrafını diqqətlə süzdü, sonra sinəsini irəli verib masanın üstünə əyildi və nədənsə ehtiyat edirmiş kimi şübhəli-şübhəli Zübalədən soruşdu:
- Mən haradan və kimdən öyrənə bilərəm ki, diriyəm. Mənə kim deyə bilər ki, mən sayıqlamıram və sən mənim yuxum deyilsən?
Zübalə də təmkinini pozmadan həlim-həlim pıçıldadı:
- Bunun çox sadə bir yolu var.
- Məsələn?
- Məsələni budur ki, - Zübalə Zırpısoykinlə zarafatlaşmağa başlayırdı. - bax, elə buradaca, sözlərimi eşidən kimi, çıx masanın üstünə, qışqır. Bilirsən ki, yuxularda səs olmur. Əgər səsin eşidildi, camaat yığışdı başına, deməli, sən ölməmisən, dirisən; yatmamısan, oyaqsan.
Zubal əvvəl-əvvəl heç nə mənsimədi:
- Hə deyirsən, deyirsən ki, indi də özümü Zorbazombi camaatına dəli kimi tanıtdırım?
Zübalə yenə bir dilim ananas götürüb tamsındı:
- Kef sənindi. İşinə bax. Ancaq onu da bil ki, başqa əlacın yoxdur. Bir az da belə yaşasan, doğurudan dəli olarsan.
Zubal fikirləşdi ki, onun əcəb ağıllı həmsöhbəti var. Beləsini çıraqla axtarsan da tapa bilməzsən, dedi:
- Mən səninlə şərik, artıq bu cür yaşamaq olmaz. Gör vəziyyət necədir ki, bilmirəm ölüyəm, ya diri. - Zırpısoykin duydu ki, Zübalə onun sayıqlamalarından yorulub, üzünü çevirib meydana baxır, hirsləndi, bu açıq laqeydliyə dözmədi, tələsik çəkmələrini, corablarını çıxarıb əyləşdiyi stulun üstünə dırmaşdı. - Ehey, kim yatıb, kim oyaq? - Zubalın qaltanlı səsi vardı, ucadan danışanda ciyildəməzdi. Odur, bir anın içində hamı dönüb Zubal və Zübaləyə sarı boylandı. - Ay camaat, eşidin və agah olun, mən rejissoram və bura da ona görə gəlmişəm ki, tamaşalar hazırlayım, Zorbazombi teatrının əsasını qoyum. Gəlin bura, - bir neçə nəfər ona yaxınlaşırdı, - toplaşın ətrafıma, mən yuxu görmürəm, mən ölü deyiləm, siz ölü deyilsiniz, mən həqiqətəm, özüm də həqiqəti söyləyirəm. Mən Zorbazombi teatrını dünyaya tanıtdıracağam. Elə eliyəcəyəm ki, onun adı dillər əzbəri olub bütün aləmi dolaşsın.
- Zırpısoykin camaatı maraqlandıra bilmişdi. Onun dinləyicilərinin səayı anbaan artırdı. Zübalə şaşırmışdı, siqaret yandırıb acıqlı- acıqlı sümürürdü. Zubal isə qızışmışdı. - Siz məndən qorxmayın, yox-yox, mən cin deyiləm, dəli deyiləm. Mən rejissoram. Zorbazombi meydanında rüculətimi itirsəm də, namusuma and olsun ki, sizi teatrsız qoymayacağam. Mən Zorbazombi teatrını yaşadacağam. Çünki teatrsız bir ölkə... teatrsız bir ölkə bir ölkə... - Zubalın fikirləri dolaşdı, düyün düşdü, deməyə tə`sirli söz axtardı, tapmadı, dili növbəti dəfə topuq çaldı və gördü ki, ətrafı bayaqdan bəri sarmış olan hay-küy dayanıb, musiqi tamam kəsilib, hamı ağzını açıb ona tamaşa eləyir, Zübalə isə başını aşağı salıb tüstülənən siqaretinə baxır, mə`nasız bir ifadə işlətdi. - Teatrsız bir ölkə... dəhşətdir, dəhşətdir, vallah dəhşətdir. - Zübalə pıqqıldayıb güldü. Zırpısoykin buna da reaksiya verdi. - Eybi yox, indi siz məni anlamazsınız. Vaxt gələr...
Kafenin o biri başında əyləşmiş orta yaşlı bir kişi öz yerindən azacıq dikəlib Zubala sataşdı:
- Bizə sənin teatrın lazım deyil, özümüzünkü var. Bunu ki, sənə çoxdan başa salıblar. Otur aşağı, heç qışqırıb-zad eləmə. Zubal istədi onun sözünü kəsmiş adamı heyrətləndirə. Dedi:
- Siz heç bilirsiniz ki, mən teatrın qibləsi Zorvazğal ölkəsindən gəlmişəm.
Başqa birisi də Zubala öcəşmək niyyətində bulundu:
- Bəs mən yazıq elə bilmişəm ki, sən, - barmağını göyə tuşladı, - yuxarıdan gəlmisən, Allah da sənin dayındı.
- yox. Mən Zubalam. Allahın da bacısı olmur.
Elə bu vaxt cavan bir oğlan Zubala yaxınlaşıb ona yavaşdan dedi:
- Zəhmət çək, qulağını bəri ver.
Zubal həmin dəqiqə başını aşağı əydi. Cavan oğlan şəstini sındırmadan pıçıldadı:
- Sən mənim xoşuma gəlirsən. Davay, kamon, birgə işləyək. Ancaq mən bilməliyəm ki, səndə nə qədər narkota var.
Zubal pul kimi qızardı. Cəld bir hərəkətlə oğlanın burnunu barmaqları arasına alıb sıxdı. Oğlanın burnundan qan açıldı. Zubal cib dəsmalını çıxarıb barmaqlarının qanını sildi, sonra da yaylığı oğlanın üzünə atdı, gur səslə sözünə davam elədi:
- Siz bu gün məni inkar etməklə tarixin sizə sonuncu dəfə bəxş etdiyi əlverişli fürsəti əldən buraxmış olursunuz. Hayıf. İndisə diqqətlə mənə qulaq asın, ey Zorbazombinin mülsüm əhli. - Zübalənin üzündə çaşqın bir təbəssüm oynayırdı. - Siz Tənbəllik içində çürüyəcəksiniz. Bu son yüzilin tənbəlliyi sizin axırınıza çıxacaq. Zorbazombi ölkəsini sizin bədəninizin, irinləmiş yaralarınızın üfunəti bürüyəcək. Gündüzün günorta çağı yatmaq sizi məhv edəcək. Heyvan kimi ömr eləmək şakərini buraxın getsin. Vəhşi adətlərinizdən əl çəkin. Bəsdir, ayılın. Ayılıb da düşünün: niyə həyat həyat üçündür, sənət sənət üçün? Aha, bilmirsiniz? Ona görə bilmirsiniz ki, sizin teatrınız olmayıb. Amma mən bilirəm və sizə də öyrətmək istəyirəm. Zubal Zırpısoykin ilğım deyil, gerçəklikdir. O, sizə yeni bir dünya yaratmaq üçün göndərilmişdi. Lakin siz... siz... eh... Mən sizin neft alveri üstündə vücuda gələn milyonlar səltənətinə nifrət edirəm. Zorbazombi mülsümlərini neft yaradıb, neft yaşadır, neft də öldürəcək, nə qədər ki, Zorbazombi ölkəsinin teatrı yoxdur. Bu yerdə camaat qəşş eləyib güldü. Zubal daha da hikkələndi, başladı hövlnak soyunmağa. Soyunub lüt oldu. Hoppandı aşağı, ayağının altındakı stulu götürüb qoydu masanın üstünə, özü də çıxıb dayandı yuxarıda. Oradan qışqırdı:
- Ey Zorbazombi əhli, məni eşidirsən? - Pauza verdi. - Ey Zorbazombi mülsümləri, siz Zubalı eşidirsiz? Qulaq asın, yaxşı, yaxşı qulaq asın, diqqətlə qulaq asın. Hə, hazırsınız? Onda deyirəm, bir, iki... üç. Sizdən adam olmayacaq.
Bu sözdən sonra artıq heç kimdə şübhə qalmadı ki, Zubal Zorbazombi ölkəsində ağlını itirib. Meydana təzədən musiqi buraxdılar. Ancaq heç kəs rəqs eləmək üçün ayağa durmadı. Bə`zi adamların üzü e`tinasızlıq bildirdi, bə`zilərinin üz ifadəsi isə gərgin və ciddi idi. İndi Zübaləyə elə gəlirdi ki, Zubal onun biabırçı yuxusudur. O, bu yuxudan çıxmaq istəyirdi, əfsus ki, bacarmırdı. Bu darıxdırıcı yuxuya sanki nöqtə qoymaq üçün Zübalə əlindəki yanan siqareti basdı Zubalın baldırına və boğula-boğula acıqlandı:
- Bəsdi, düş aşağı.
Zubalın heç tükü də tərpənmədi, dedi:
- Zübalə, sən qəşəng qızsan, totuq-motuq, dur get evə, mənə mane olma. - Zubal azacıq pauzadan sonra səsini ucaltdı. - Siz, ey Zorbazombinin alçaq daxma qapılarından məlaikə axtaranlar, - artıq onu heç kəs dinləmirdi, - məgər qəflət yuxusu içində yatıb xəbər tutmamısınız ki, teatr xalq üçün nurdur, işıqdır. Teatr kor xalqın görə bilmədiyini təzədən korlara göstərir. Sizə məgər deməmişdilər ki, gərək kor kimi qalmasın insan? Bəs nə oldu? Hiyə bu günə düşdünüz? Çünki heç kimi vaxtında eşitmədiniz. Mən düşmənəm, mən düşmənəm, Zorbazombi ölkəsinin kor və kar mülsümlərinə. Mən sizə teatr gətirmişdim, ayna gətirmişdim, güzgü gətirmişdim, savad gətirmişdim, bayram gətirmişdim. Ancaq yaman da mən oldum, yanan da. Siz tutub məni nə günə qoydunuz? İndi mən necə yaşayım? Hə, cavab veriniz də. Susursunuz. Heç lazım da deyil. Ona görə ki, siz özünüzü, qohum-əqrəbanızı, bütün Zorbazombinin quzubala mülsümlərini nöyütə qul kimi satıb kral olmusunuz. Tutalım, mən bir heç. Bəs sizə nə ad qoymaq olar? Ölülər? Yox, əsla yox. Siz ölüdən də betərsiniz. Çünki yaxşı nə varsa, hamısını korlayırsınız. Ölü isə heç bir işə qarışmaz, bir kimsəyə dəyib dolaşmaz. Eybi yox, heç maraq etməyin, mən öz ideyamı özümlə aparıram. Xudahafis, mən getdim. Ancaq yadınızda saxlayın ki, bizdən sonra gələn nəsillər bizim tarix kitabımızı oxuyub həm o, həm də bu səhifəni görəndə sizin də üzünüzə tüpürəcəklər, mənim də, onların da. Hələlik, biz bir də günəş doğanda görüşəcəyik. Zubal yerə tullandı. Zorbazombi ölkəsi sükuta qərq olmuşdu. Bircə arxlardakı nöyüt arada bir loqquldayırdı. Gecədən xeyli keçmişdi. Ola da bilsin ki, bir azdan səhər açılacaqdı. Zorbazombi mülsümləri qaçıb yenidən gizlənəcəkdilər daxmalarında, lap köstəbəklər kimi. Zübalə təzə bir siqaret yandırdı və düz baxdı Zubalın gözlərinin içinə. Heç kim bir-birini anlamadı. Zubal əyilib döşəmədən pencəyini qaldırdı, geyindi yalxı bədəninə, alışqanı Zübalədən aldı və əllərini yan ciblərinə soxub kafenin mərmər pilləkənləri ilə sakitcə meydana endi. Meydan elə bil polis işçiləri tərəfindən məxsusi boşaldılmışdı, əyləncələr də dayandırılmışdı. Zubal irəliləyib nöyüt arxına yaxınlaşdı. Saçlarını arxın içində nöyütlədi. Sonra nöyütdən ovuc-ovuc qamarlayıb tökdü, sürtdü üstünə... bir sözlə, çimdi nöyütün içində. Cibindən alışqanı götürüb yandırdı, tutdu pencəyin ətəyinə. Elə həmin dəqiqə Zubalın bütün bədəni alova büründü.

Zorbazombi meydanında Zühəl planetindən naqolay hoppanıb düşmüş qırmızı daşın dövrəsində gecə yarısı əcayib bir varlıq özünü odlayıb rəqs edirdi. İfritə idi, əcinə idi, kabus idi, yaxud mələk idi, heç kim bilmirdi. Zubal yanırdı və bu an fikirləşirdi ki, əgər o, yanmasa, qaranlıqlar aydınlığa çıxmaz. Rejissor Zırpısoykin meydan boyunca o tərəf bu tərəfə şığıyırdı, qaçırdı, yüyürürdü, yorulurdu, keçib yeriyirdi, birdən qıc olub yıxılırdı, ancaq tələsik qalxırdı ayağa, durduğu yerdəcə acizanə tərzdə dayanıb əllərini tanrıya doğru uzadırdı, sonra yenidən başlayırdı qaçmağa. Hamı nəfəsini içinə çəkib Zubal Zırpısoykinin qırx gün ərzində hazırladığı tamaşaya baxırdı. Heç kimin də ağlına gəlmirdi ki, alovla qurşaq yapışan Zubala kömək eləsin. Belə çıxırdı ki, hamı duruxub onun ölümünü gözləyir. Zubal odla əlləşirdi. Onun kürəyini yerə vurmaq istəyirdi. Ha cəhd edirdi, alınmırdı. Hiss olunurdu ki, hərəkətləri getdikcə yavaşıyır, zəifləyir, ölgünləşir. Zubal can verirdi, ruhu bədənini tərk edirdi. Axırı elə bir an gəldi ki, Zubal daha tablamadı, oturdu aşağı, sonra güclə sürünüb qalxdı qırmızı daşın üstünə. Orada da bir qədər alovlanıb yandı. Od aram-aram səngidi və bir azdan söndü. Zorbazombi meydanında əylənən adamlar yığışıb gəldilər ölüyə baxmağa, lakin qırmızı daşın üst səthində heç nə tapmadılar və qayıdıb keflərinə davam etdilər. Meydan boş qaldı. Elə bu vaxt Zübalənin gözündən iki damla yaş ağ mərmər masanın üstünə düşdü.

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile