|
Bilal Alarlı (Hüseynov Bilal Hüseynağa oğlu) Cəlilabadın Alar kəndində doğulmuş (1958), daim burda yaşamış və yaşayır. Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Şerlər, poemalar, hekayələr yazır. "Quş dili"(1998), "Hənnim tavansız evdən asılıb"(2000) kitablarının müəllifidir. Bilal Alarlı kənddə fəaliyyət göstərən peşəkar yazarlardan ibarət "Höqtələr" ədəbi qrupunun yaradıcısı (1997) və rəhbəridir.
Poetik çalışmaları, cəhdlərindən usanmayan Bilal Alarlı günlərin birində pritçalar yazıb, daha çox uğurlar vəd edən prozaik təfəkkürünə çıxdı.
Bilal Alarlı
İnam
Usta əllərini oda tutub ağlını isidirdi. Şagird körük basıb Ustadının əllərini pul kimi qızardan közü alovlandırırdı. Usta sabah alışıb yanan bu odun, əllərinin və ağlının nurunda insanlığı yeni eraya çıxaracaq, güzəranı qat-qat yaxşılaşdıracaq iri bir kəşf edəcəkdi. Əvvəl-əvvəl bu kəşfin səmərini Şagird duyub dərk edəcək, sonra başqaları öyrənib həyata keçirəcəkdilər. Bu kəşfin adı İnam, obyekti İnsan idi. İlk obyekt Şagird idi.
Hələ sabaha çox vardı. Usta Şagirdi gündəlik təlimə gecikdiyinə görə danlayırdı:
-- Gün qalxmamış emalatxananın qapısı ağzında olmalısan.
Şagird çəkinə-çəkinə özünə haqq qazandırmağa cəhd edirdi:
-- yolumu çay kəsib, fırlanıb körpünü keçənə qədər xeyli vaxt gedir.
Usta əllərinin arxasını çevirib istisindən dəmir əriyən közə yaxınlaşdırdı.
-- Sən çaydan keç, körpüyə niyə gedirsən...
Otaqda ocağın istisindən nəfəs almaq mümkün olmasa da, Şagirdə elə gəldi ki, Ustanın sözündən divarlar sırsıra bağladı, canına üşütmə gəldi.
-- Səhərlər su soyuq olur... Çay da dərindi...
Usta əllərini ocaqdan çəkib gözünün qabağında tutdu, əllərindən düşən odun parıltısı Ustanın üzünü qızartdı.
-- Suya girmə, çayın üstündən addımla...
Şagird körüyün dəstəyini buraxıb Ustaya yaxınlaşdı, Ustanın əllərinin odu onun da üzünü qızartdı.
-- Batmaram?
Usta əllərini yenə ocağa dürtdü.
-- Sən suda batmayacağına inanmalısan.
Şagird təəccübünü gizlətmədi:
-- Axı, hər hansı bərk maddə mayedə asanlıqla batır.
Usta əllərinə işarə etdi:
-- Hər hansı bərk maddə yuksək temperaturlu odda asanlıqla əriyir və yanır... Od yandırır, əl yanır, ağıl da bunu dərk edir. Bu aksiomanı pozan bir qüvvə var. İnsanlıq hələ qüvvənin sirlərinə dərindən bələd deyil. Bu, ürəkdir! Sən gördüyün işə ürəkdən yanırsan və bu inam reallığı dağıdır. yəni həmişə baş vermiş hadisə bu dəfə baş vermir, sən Musa peyğəmbər kimi suyun üzü ilə keçib gedirsən.
Usta danışdı, Şagird öyrəndi. Usta göstərdi, Şagird ürəyini közərtdi. O özünə inanmağa başladı.
Sabah açıldı.
Şagird sübh tezdən emalatxananın qapısını kəsdirdi.
Usta kəşfini eləmişdi, indi bu kəşfdən insanlıq fayda görməli, yeni, sivil eraya qədəm qoymalıdır. Usta şagirdi götürüb şahın sarayına üz qoydu. Şah, Ustaya hörmətlə yanaşdı, bütün saray əyanlarını, üləmaları toplayıb Ustanı dinləməyə başladı. Usta körüyünü qurdu, Şagird ocaq qaladı, közü pul kimi qızartdı. Usta əllərini közə tutdu. Saray əhli bu möcüzədən heyrətləndi. Sonra Şagird sarayın həyətindəki hovuzun üstü ilə o üz-bu üzə keçdi, heç çarıqları da islanmadı.
Sonra Usta ağlının və ürəyinin hökmü ilə Şahı inandırmağa başladı:
-- Şah sağ olsun, əgər biz bu kəşfimizi insanlığın malı edə bilsək, yeni eranın başlanğıcını qoymuş olacağıq. Bu erada insan elmə məlum olan və olmayan hər hansı bir planetdə yaşamaq imkanı qazanacaq. İnsan qəzalardan və fəlakətlərdən xilas olacaq. O, okeanların üstü ilə piyada gəzəcək, uça biləcək, odda yanmayacaq, yolunu kəsən bütün maneələri dəf edəcək. Bu kəşfin adı inamdır. İnam insanın imkanlarını ədədi silsilədən həndəsi silsiləyə keçirəcək.
Şah Ustaya diqqətlə qulaq asandan sonra əyanlar və üləmalarla məsləhətləşdi:
-- Hə, necə bilirsiniz, Ustanın yeni kəşfi şahlığa nə bəxş edəcək?
Yləmalardan biri çoxbilmiş çıxdı:
-- Şah, dilinə qurban olum, kəşfi Usta eləyib, onun ziyanını da, xeyrini də özü yaxşı bilir. Sərəncam ver, Usta bu əməlinin şahlığa xeyrindən danışsın.
Şah məsləhətə yatan idi. Odur ki, gözünü Ustanın ağzına zilləyib dedi:
-- Eşitdinmi, Usta? yeni kəşfinin şahlığa xeyri nədir?
Usta əyanlara və üləmalara göz gəzdirib dedi:
-- Mənim kəşfimdən sonra insanlar özləri özlərini idarə edəcəklər, onlara şah və şahlıq lazım olmayacaq. Şah bir ölkənin vətəndaşlarını idarə etmək üçündür. yeni erada insan qalaktikanın vətəndaşı olacaq. O, nəinki istədiyi ölkədə, hətta seçib-bəyəndiyi planetdə yaşaya biləcək.
Şah sarayına pıçhapıç düşdü. Vəzir sinəsini irəli verib dedi:
-- Şah sağ olsun, Usta şahlığa müxalif bir kəşf edib. Bu kəşfdən xəbər tutan adamlar sənin şahlığına tabe olmayacaqlar.
Vəkil vəzirdən geri qalmadı:
-- Belə çıxır ki, hörmətli və müdrik şahımız, yer üzünün ən güclü siyasətçisi, bütün dünyanın qibtə etdiyi lider, xalqımızın peyğəmbəri daha fərman verə bilməyəcək, adam tuta bilməyəcək, müharibə edə bilməyəcək. Bəs onda təzə tikdiyimiz zindanlar nəyə gərəkdir? Bu qədər qoşunu niyə saxlayırıq?
Vəkilin dalınca xəzinədar, xəzinədarın dalınca hərəm ağası, hərəm ağasının dalınca təlxək, təlxəyin dalınca üləmalar səs-səsə verib Şahı inandırmağa çalışdılar ki, Usta çox ziyanlı bir kəşf edib. Həhayət, Şah ayağa qalxıb öz sözünü dedi:
-- Mənim ölkəmdə məndən başqa heç kəsə və heç nəyə inanan olmamalıdır!
Sonra Şah inamı qadağan edən fərman verdi.
Ustanı və Şagirdi saraydan qovub çıxardılar. Usta emalatxanada əllərini oda verərkən yandırıb külə döndərdi.
Şagird çaydan keçəndə boğuldu.
Ümid
Arif birinci sinfə gedirdi. Atası ona şəkilli kitab almışdı. Qırmızı yerli, göy haşiyəli çantasını çiyninə aşırıb əmisi Ymidin əlindən tutmuş və ayaqları bir-birinə dolaşa-dolaşa məktəbin həyətinə gəlmişdi. Həyətdə onları Səkinə müəllimə qarşılamış, Arifi özü kimi balaca uşaqların oturduğu sinfə gətirmişdi.
Səkinə müəllimə də birinci sinfə gedirdi. Birinci sinifdən ikinciyə, ikincidən üçüncüyə, üçüncüdən dördüncüyə keçirdi. Dördüncü sinifdən sonra Səkinə müəllimənin dərs dediyi uşaqlar beşinciyə, Səkinə müəllimə isə təzədən birinci sinfə keçirdi. Səkinə müəllimə dördüncü sinfi aşa bilmirdi.
O, Arifin oxuduğu birinci sinfə həvəslə ketdi. Əvvəl Səkinə müəllimə Arifə dərs keçirdi, sonra Arif Səkinə müəlliməyə dərs keçməyə başladı. Səkinə müəllimə gəlib Ariflə bir partada oturdu və utana-utana təzə dərsini danışmağa başladı. On il idi ki, ümidlə yaşayırdı. İndi Ymid onun arzularının qapısını döymüşdü. Hərdən xəyala dalır, bəzən sinifdə olduğunu unudurdu. Xəyaldan ayrılanda uşaqların dinməzcə oturub onun gözlərinin içinə baxdığını görür, utandığından yanaqları qızarırdı. yaxşı ki, uşaqlar onun nə düşündüyünü bilmirdilər. yoxsa Səkinə müəllimə xəcalətdən əriyib yerə girərdi...
Səkinə müəllimə hərdən hisslərini cilovlaya bilmir, üzünü Arifə tutub Ymidlə danışırdı:
-- Arif, çalışmalarını yazanda əmin sənə kömək edirmi?
Səkinə müəllimə əslində demək istəyirdi ki, əmin məni xatırlayırmı? Arif sıxıla-sıxıla "bəli" deyərdi.
-- Arif, gündəliyini verərsən əmin baxar. İradları olsa mənə deyərsən...
Bu isə təxminən salam göndərib, əleyk gözləməyi əvəz edirdi.
Arif dördüncü sinfə gedəndə Səkinə müəllimə darıxmağa başladı. Dərsə müntəzəm gəlsə də davamiyyəti bəhanə edib, Arifgilə gedir, atası işdə olduğundan əmisi ilə söhbət edirdi. Arifin anası, Səkinə müəllimənin qayğıkeşliyinə vurulmuşdu.
Dördüncü sinfi bitirəndə Arifin əmisi Arifin əlindən tutub getdi. Bu dörd illik narahatçılığın həm sevindirici, həm də acınacaqlı yekunu idi. Dörd il sərasər Arif çantasında, dəftərinin, kitabının cansız vərəqləri arasında Səkinə müəllimə üçün ümid gətirib, ümid aparmışdı. İndi, budur, Ymidin əlindən tutub Səkinə müəllimənin həyatından birdəfəlik gedir...
Hövbəti dərs ilində Arif beşinci, Səkinə müəllimə isə birinci sinfə getdi.
Dəfn
Qəbiristanlığın darvazasından o yana, böyük maskarad meydanında adamlar bayram ovqatı ilə yaşayırdılar, üzlərindəki maskalar onları tanınmaz etmişdi, bir-birilərini tanımadıqları üçün salamlaşmırdılar, hal-əhval tutmurdular.
Darvazadan bu yana qəbiristanlıq yerləşir, burada böyük maskarad meydanından fərqli olaraq, hamı maskasız yatırdı. Bu gün dəfn günü idi, öləni qırmızı yerli, göy və yaşıl haşiyəli xalça sərilmiş mafanın içərisində dəfn olunacağı yerə aparırdılar. Beş-altı cavanın çiyninə alıb apardığı mafanın üstünə qara kəlağayı çəkilmişdi, yol boyunca mafa sağa-sola yırğalanırdı, külək qara kəlağayını yelləndirirdi. Qəfəsliklərin arasında, gün işığının qaraltdığı köhnə başdaşıların yanında iki-üç nəfər eşələnir, qazdıqları qəbrin torpağını yana atırdılar, onlardan bir az aralıda qırmızı inək qara balası ilə quyruğunu bulaya-bulaya otlayırdı, iri bir eşşək arısı inəyin üstündə vızıldaya-vızıldaya uçur, ətürpədici səslə öz xoşagəlməz nəğməsini oxuyurdu.
Böyük maskarad meydanından adamlar bir-bir ayrılıb, qəbristanlığa can atır, ölənin qohum-əqrabasına ehtiram əlaməti olaraq başsağlığı verməyə tələsirdilər.
Dovşan maskası taxmış kök bir kişi yumbalana-yumbalana özünü darvazaya çatdırdı, tövşüyə-tövşüyə dəfn mərasiminə yığışanlara salam verdi, hamı dönüb ona tərəf baxdı, ancaq heç kəs əleyk demədi. Mərasimdəkilər pıçıltı ilə bir-birinə nə isə deyir, başlarını bulayırdılar, kişi məəttəl qalmışdı, bilmirdi vəziyyətdən necə çıxsın.
-- Allah rəhmət eləsin!
yenə heç kəs dinmədi, ölü yiyəsi qaş-qabağını sallayıb durmuşdu.
-- Maskanı çıxart, dəfndəsən...
Bunu kişinin yanında dayanmış balacaboy, çalsaç bir adam dedi. O tez əl atıb üzündəki dovşan maskasını çıxardı, böyür-başına boylandı, maskanı qoymağa yer gəzirdi, belə bir yer tapmayanda, onu pencəyinin altında qoltuğunda gizlətmək qərarına gəldi, dilucu "Şoğərib" də dedi. Mərasimdəkilər onu elə bil, indi görürdülər, bu, Kazım kişi idi. Ölü yiyəsi Kazım kişiyə tərəf dönüb "Şadlıqlara gələsən!" dedi.
Elə bu heynidə darvazadan içəri xeyli maskalı adam girdi, qabaqda üzünə şir maskası taxmış nəhəng bir adam gəlirdi, tülkü maskası taxmış uzun boğazlı, arıq adam onun qulağına tərəf dartınır, nə isə pıçıldayır, sonra yan-yörəsinə şübhəli-şübhəli göz gəzdirirdi. Arxada canavar, çaqqal, xoruz, qoyun, keçi maskası taxmış adamlar gəlirdilər. Böyük maskarad meydanından çıxıb gələn bu adamların yerişi də təntənəli idi, elə bil paradda idilər və onların yerişinə qiymət verən bir tribuna qarşısından keçirdilər. Darvazanın bu tayındakılar böyük maskarad meydanından gələnlərə heyrətlə baxırdılar. Tülkü maskası taxmış adam mərasimə gələnlərin arasından irəli çıxıb ölü yiyəsinin qoluna girdi:
-- Böyükbəy şəxsən təşrif gətirib...
Əlindəki təsbehi şaqqıldada-şaqqıldada o tərəf-bu tərəfə aşıran qara saqqallı, domba gözlü Molla tülkü maskası taxmış adama tərəf dönüb başqalarına da eşitdirirmiş kimi ucadan dedi:
-- Maskalarınızı çıxarın, dəfndəsiniz!..
Tülkü maskası taxmış adam şir maskası taxmış adamın yanına qaçdı:
-- Təklifiniz nədi, bəy?
Şir maskası taxmış adam mərasimdəkiləri yuxarıdan aşağı süzüb dedi:
-- Rəhmətlik yaxşı adam idi.
Sonra maskasını çıxarıb cibində gizlətdi. Hamı Böyükbəyə tərəf dönüb bir ağızdan dedi:
-- Şadlığa gələsiniz, bəy!
Canavar Əhmədə, çaqqal Rəşidə, tülkü Rəsula, xoruz Xandadaşa, qoyun Əliyə, keçi Meyxoşa döndü, böyük maskarad meydanından gələnlər heyvan cildindən çıxdılar. Ölü hamını adam eləmişdi, hamı bir-biri ilə dərdləşir, bir-birinin kefini soruşur, dolanışığı ilə maraqlanırdı. Molla şirin avazla yasin surəsini oxuyurdu. Canavar Əhməd Qoyun Əlinin halına yanırdı, çaqqal Rəşid Xoruz Xandadaşla burunlaşmışdı, Tülkü Rəsul Keçi Meyxoşun məsləhətlərinə qulaq asırdı.
Molla yasin surəsinin son ayələrini deyib ayağa durdu, bu, o demək idi ki, dəfn qurtardı. Cavan bir oğlan təzə qəbrin üstünə su səpdi.
Kazım kişi mərasimdəkiləri gözləmədən darvazadan bayıra çıxmışdı, dovşan maskasını taxırdı.
Adamlar qəbirdən aralandılar, mollanın arxasınca ölü yiyəsi, onun arxasınca üç-dörd cavan oğlan gəlirdi.
Böyük maskarad meydanına tələsənlər elə orada, darvazanın qarşısında şirə, canavara, tülküyə, çaqqala, xoruza, qoyuna, keçiyə dönürdülər.
Təzə ölünü isə Həkirlə Münkər sorğu-suala tutmuşdu, əməllərinin haqq-hesabını aparırdılar. Qırmızı inək də qara balası ilə quyruğunu bulaya-bulaya otlayırdı, qəbirlərin üstünü basmış fosforlu ələfi gözünə təpirdi, iri bir eşşək arısı vızıldaya-vızıldaya vurnuxur, inəyi sancmağa fürsət gəzirdi...
...Qazax rayonunun Daşsalahlı kəndindəki 2 saylı orta məktəbin ikinci sinfində oxuyur Qurbanova Elnarə. Onu... anası Maya müəllimə bir okul dəftəri şerləri ilə məsləhətə gətirmişdi. Gəlmişdi bilsin ki, ikinci sinif şagirdi şer yaza bilərmi? ya Elnarəni çəkindirmək lazımdır şer yazmasın?...
Bilal Qoca
|