- Söhbət mədəni siyasət sahəsində qabaqcıl olan İsveç və Hollandiya kimi ölkələrin təcrübəsilə bizim mütəxəssislərin tanışlığı və qarşılıqlı fikir mübadiləsindən gedirdi. yə'ni bizim üçün maraqlı idi ki, onların təcrübəsi Azərbaycanda nə dərəcədə effektli ola bilər. Xarici mütəxəsisiləri də buna görə dialoqa də`vət eləmişdik. Düşünürəm ki, Bu görüşlər bizə nikbinlik gətirməlidir. On ildən artıqdır ki, hamı deyir ki, hökumət bizə mədəniyyəti inkişaf etdirmək üçün kömək etmir. İndi biz gördük ki, Hollandiya, İsveç kimi inkişaf etmiş ölkələrdə belə dövlət hər şeyi öz öhdəsinə götürmür. Çox şey mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəsislərin, bələdiyyələrin özlərindən asılıdır. Seminarda da xaricdə bu sahədə işləyən modelləri öz mütəxəsislərimizə göstərmək istəyirdik.
- Hecə bilirsiniz, bizim mütəxəssisləri mədəniyyətdən pul qazanmağın mümkünlüyünə inandıra bildinizmi?
- Bu sahədə böyük təcrübəyə malik olan bir təşkilatın nümayəndəsini elə buna görə də`vət etmişdik. Əgər bir şəhərdə qırxdan çox festival keçirilirsə, təbii ki, onların arasında açıq havada pulsuz olanları da var. Bununla yanaşı çox yüksək səviyyədə maliyyə baxımından özünü doğruldan festivallar da var. Və bu, şəhərə əlavə gəlir gətirə bilir.
- Bu təcrübənin Bakıda tətbiqinin eyni nəticəni verəcəyinə əminsiniz?
- Biz demirik ki, sabahdan burada Hollandiyanın təcrübəsini tətbiq edirik və iki ildən sonra burada Hollandiya yaradırıq. Söhbət elə deyil. Bu, əvvəlcə düşüncələrdə, fikirlərdə yer almalıdır. Biz camaata ruh veririk ki, bax, bu barədə də düşünmək olar. Bu çox vacibdir. Əgər seminar iştirakçıları burdan çıxandan sonra bu haqda düşünməyə başlayırlarsa, deməli, biz məqsədimizə nail olmuşuq. Bu örüşün bir müsbət tərəfi də var. Xaricilər çıxıb gedəcəklər. Burda qalan özümüzünkülər olacaq. Odur ki, gec-tez bu sahənin adamları bir-birilərini tanımalıdırlar. Seminar onları bir araya yığa bildi. Başqa vaxt mən heç kimi bura gətirə bilməzdim. Bu, bizim daxili bicliyimiz idi. Əgər xaricdən bura kiminsə gələcəyini deməsəydim, bu adamları işindən ayırıb bura yığmaq, sadəcə, qeyri-mümkün bir iş olardı. Paytaxtda bu sahədə ciddi şəkildə işləyən elə adamlar var ki, şəxsən mən indiyəcən onları görməmişdim. Gördüyünüz kimi, seminarda Bakının iki rayonunun bələdiyyəsindən də nümayəndə var idi. Ona görə də hesab edirəm ki, belə seminarların, doğurdan da, böyük xeyri var. Bakı o qədər unikal və böyük potensiala malik bir şəhərdir ki, biz də bu barədə düşünməliyik. Bunu bizim əvəzimizə mərkəzi hökumət fikirləşməməlidir. Bunu şəhər bələdiyyələri səviyyəsində mədəniyyətlə bilavasitə məşğul olan adamlar düşünməlidir.
- Qonaqlar bizim mütəxəssislər haqqında hansısa fikir söylədilər?
- Onlar heyranlıqla dedilər ki, sizdə çox yüksək yaradıcı potensial var. Amma onu lazımi qaydada yönəldə bilmirsiniz.
- Bəs bu işin mütəxəssisi olan əcnəbilər üçün seminar hansı cəhəti ilə maraqlı idi? Sizcə, onların bizdən götürəcəyi nəsə var?
- Əcnəbilər üçün də çox maraqlı idi. Adətən, onlar hazır modellərlə gəlirlər. Onların təcrübəsinə uyğun gəlməyən ölkələrlə rastlaşanda isə modellər, təbii ki, bir tərəfdə qalır. Odur ki, onlar da belə görüşlərə can atırlar. Və onlar üçün nəticə bu olur ki, öz ölkələrində situasiyanı başqa cür qavramağa başlayırlar. Görürlər ki, təsəvvürlərində hər şey dürüst və aydın deyil.
- Seminara təqdim edilən layihələrdən hər hansı birinin qəbulu mümkündürmü?
- Biz bu istiqamətdə gedirik. Bizim başqa planlarımız da var. Hövbəti dəfə belə tədris seminarlarını Azərbaycanın başqa regionlarında keçirmək istəyirik. Oradakı ziyalılara biz gərək ümid və təkan verək. Onlar bilməlidirlər ki, ölkəyə lazımdırlar və yerlərdə onların özlərindən çox şey asılıdır. Bunun üçün yə`qin ki, başqa ölkədən də nümayəndə də`vət edəcəyik. Məsələn, almanlar, avstriyalılar öz təcrübələrini bura gətirmək istəyirlər. Buyursunlar, çox gözəl. Əsas odur ki, bu bizim özümüzə regionlarda da işləmək imkanı yaradacaq. Xaricilərin gəlişi bizim üçün hardasa katolizator rolunu oynayacaq. Qoy onlar öz təcrübələrindən danışsınlar, biz də işləyək.
- Fond qaçqın şəhərciklərində mədəni səviyyənin inkişafı üçün hansısa layihə nəzərdə tutubmu?
- Bizim fondun imkanları o qədər də geniş deyil. Mən öz öhdəmə çox şey götürə bilmərəm. O qədər maraqlı və bizim üçün zəruri ideyalar var ki. Amma biz hamısı ilə məşğul ola bilmirik. Konkret bir layihə var, indi onu həyata keçirmək istəyirik. Artterapiya, yə`ni musiqi, rəsm, teatr vasitəsilə həm fiziki, həm də ruhi əlillərə, xəstələrə yardım etmək. Burda yenə də məqsəd bu işlə bir-birindən xəbərsiz şəkildə məşğul olan və yaxud olmaq istəyən isanları bir araya gətirmək, onları əlaqələndirməkdir. Mən demirəm ki, biz geniş bir proqram qurub, yalnız bu işlə məşğul olacağıq. İşlər həddindən artıq çoxdur. Amma heç olmasa, belə bir təkanı yarada bilsək, bu özü ciddi bir addım olar.
- Qarşılıqlı olaraq, Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq barəsində nə düşünürsünüz?
- Bu məsələdə şəxsən mənim bir mövqeyim var. Bir mütəxəssis kimi muğamlarımızı dünyanın bir çox ölkələrinə aparmağa nail olmuşam. Bu yaxınlarda iki konsertlə Cabbar Qaryağdıoğlu üçlüyü ilə İsveçə gedəciyik. Bunun fondun işinə aidiyyatı yoxdur, bu, mənim öz işimdir. Bu illər ərzində belə bir qənaətə gəlmişəm ki, dövlətdən, səfirlikdən nəsə ummalı deyilik. Çünki təcrübə göstərir ki, indiki şəraitdə çox şey yaradıcı adamların özlərindən, sənətkarlardan və onların menecerlərindən asılıdır. Mən bir misal gətirmək istəyirəm. Londonda Müasir İncəsənət İnstitutunda işləyəndə İspaniya səfirliyi orada İspaniyadan çox məşhur bir ansamblın konsertini təşkil etmişdi. Salonda 27 ispan və bircə mən oturmuşdum. Mənim də orada olmağım bir təsadüf idi. Bu onu göstərir ki, səfirlik və yaxud dövlət tərəfindən təşkil edilən hər hansı bir tədbir xeyirli deyil. Çünki hamı buna həmin ölkənin milli təbliğat vasitəsi kimi baxır. Həmin ispan ansamblı ingilislərin özlərinin təşkil etdikləri festival çərsivəsində çıxış etsəydilər, salon dolu olardı. Ona görə də biz ummalı deyilik ki, Vyanadakı və yaxud Londondakı səfirliklərimiz bizim üçün konsert, kinofestival təşkil etsinlər. Bu, bizim öz ələmizdədir. O əcnəbilər, o da siz. Gedin göstərin öz sənətinizi. Ona görə də bədbinliyə uğramaq lazım deyil. Doğurdan da, milli sənətimizdə xaricilərə göstəriləsi çox şey var. Və bu barədə də biz özümüz düşünməliyik.