Cənub bölgəsi

Bölgə barədə

Cənub bölgəsi son onildə ədəbiyyata, sənətə, yeni mədəniyyət hərəkatlarına ən həssas olan regionlardandır. Burda qədim mədəniyyət gələnəkləri, ritual, etiket, vərdişlər yaşayır, öz yerində bura ölkənin ən özünəxas etnik mədəniyyət zonalarından, türk-talış başlanğıclarının qəribə bir ardıcıllıqla vahid Azərbaycan mədəniyyətində çulğaşdığı, həzm olunduğu vahələrdəndir, öz yerində burda təbiətin rəngarəngliyi qəribə bir ahəngdarlıqla müxtəlif zamanların yaratdığı mədəniyyət layları, izləri, kəsiklərində davam tapır, yenə də öz yerində...- bütün bunları hələ poeziyaya yozub, bölgə iqliminin son dərəcə ilıqlığı, yumşaqlığı, gözəlliyinə yazmaq olar. Amma burda son onilin post-sovet abhavası, zamanın cürətli hərəkəti, fikirdə, düşüncədə demokratikləşmə meyli tez bir vaxtda əks-səda verdi, adekvat olaraq sənət, ədəbiyyat, mədəniyyət təzahürlərini tapdı. Bu isə xalis həyat prozasıdır və bizi daha artıq dərəcədə məşğul edir, çəkir.

Bakıdan gələn sırayla sadalasaq, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və yardımlı, - bu rayonların hər birində yerli ədəbi-mədəni qüvvələrin fəallaşması əyalət mərkəzlərində maraqlı təzahürlərin yaranmasını şərtləndirmişdir. Belə bir faktı qeyd etmək kifayətdir ki, respublika səviyyəsində ədəbi prosesin qəfil səngidiyi, hətta Bakıda rəsmi ədəbi mətbuatın maliyyə böhranına uğrayıb çətinliklə nəşr olunduğu bir zamanda, 1991 - 1993-cü illərdə Masallıda yerli ziyalıların təşəbbüsü ilə bütün ölkə yazarlarını cəlb eləməyə yönəli "Qala" adlı ədəbi qəzet çıxmağa başladı. Qəzetə yaşlı yazarlardan Məmməd Kazım yön verir, gənc yazar Arif Fərzəli redaktorluq edirdi. Qəzet müəyyən iş görməklə ölkənin ədəbi-mədəni tarixinə məhz böhran illərinin ən əlamətdar hadisəsi kimi yazıldı.

Bir çox bölgələrdə demokratik abhavanın təsiri ilə ədəbi jurnallar meydana gəldisə də, tezliklə şəraitin çətinliyinə dözməyib qapandı. Amma Cənub bölgəsinin mərkəzi şəhəri Lənkəranda bu illər ərzində bütün bölgə yazarlarını ətrafında toplamağa çalışan üç ədəbi dərgi - "Söz"(İlk redaktoru yaşlı yazarlardan Şəkər Aslan, hazırkı redaktoru gənc publisist Sevda Əlibəyli), Bölgə yazarlarının rəsmi orqanı "Şəfəq"(İlk redaktoru yaşlı yazarlardan Məmmədhüseyn Əliyev, hazırkı redaktoru İltifat Saleh) və müstəqil "Məşəl"(redaktoru yerli yazarlardan čacıməmməd) jurnalları. Maraqlıdır ki, ardıcıllığı və bədii səviyyəsi kifayət etməsə də, bölgə ədəbi qüvvələri həmin jurnalları günümüzə qədər qoruya bilmişlər. Bölgədə zamanla ayaqlaşmağa çalışan, müstəqil qələminə güvənib non-konformist bədii yazılarla çıxış edən kifayət qədər gənc yazarlar var. Ara-sıra Bakıya gəlib mərkəzi ədəbi mətbuatda çıxmaq imkanlarını nəzərə almasaq, bu qələm sahibləri içlərinə oturuşmuş, ədəbiyyata sığınıb məhz zamanın təzahürlərini ifadə eləməyə çalışan, orijinal yollar, özünüifadə imkanları arayan təklər-tənhalardır. Bizim qrup bu tipli yazarlara çıxıb, 1993-2000-ci illər arasında "PRESS-FAKT", 1998-1999-cu illərdə "REZONANS" qəzetlərində onların yaradıcılıq nümunələrindən bəzilərinə yer vermişdir. čazırkı mərhələdə də zamanın sınağına davam gətirmiş belə "ədəbiyyat vahələri" ilə əlaqə və yazışmalar mövcuddur. Bölgənin ədəbi-mədəni havası haqqında ilkin təsəvvür oyatmaq, habelə mübadilə və prosesi intensivləşdirmək məqsədilə həmin nümunələrdən seçib virtual dünya oxucularına təqdim edirik.

Masallı
Yardımlı
Lənkəran
Alar
 

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile