Hirotetik

Hipotetik -- elmi, ədəbi, tənqidi, publisist düşüncələr, biliklər, hipotez və mülahizələr zəminində mənim gələcəyə çıxmaq əzmimdir. Tərcümə, konspekt, konsept və bu kimi materialları əhatə edir.

Mixail Epşteyn

Mixail Epşteyn(1950) filosof, kulturoloq, ədəbiyyatşünas və esseistdir. "yenilik paradoksu"(1988), "yeni sektantlıq"(1994), "Gələcəkdən sonra"(1995), "Rus postmodernizmi"(1999) və daha neçə kitablar müəllifidir. Virtual dünyada məşhur "Kitablar kitabı" ilə (http://www.emoru.edu/INTELNET/kniga_knig.html, və ya: http://www.russ.ru/antolog/INTELNET/kniga_knig.html) tanınmışdır. 1990-cı ildən ABŞ-də yaşayıb Emori universitetində dərs deyən M.Epşteyn həm də İnternet Akademiyanın ən nüfuzlu üzvlərindəndir. Oxucuların nəzərinə çatdırılan bu yazıda virtual dünya düşünəri həmişə intizarında olduğumuz gələcək barədə soyuq ağılla, müdrik nikbinliklə düşünməyə çağırır.

GƏLƏCƏK GƏLİRMİ?

Bütün XX yüzil boyu qarğış yiyəsi tək "gələcək" azarına tutulmağımız bizə XIX əsrin nikbinlik və proqressizmindən(tərəqqipərəstliyindən) miras olaraq qalmışdı. Bu məgər əsas verirmi ki, əvəzində XX əsrdən bizə irs şübhəçilik - skepsis acılarını da XXI yüzilə keçirək? Əlbəttə yox, qorxun hayandansa, əlacını da orda axtar. Kommunizm - əslində futuromaniya və futurokratiyanın növlərindən olub dünyanın bir çox yerlərində dini əvəz eləmiş, bu "din"ə sitayiş nə qədər qurbanlar aparmışdır. "Böyük gələcək naminə" öldürülənlərin övlad və nəvələri indi də ötən əsrin bu heybətli məbudu barəsində düşünürkən xofsuz ötüşmürlər. Odur ki, "gələcək" mövzusunda danışmaq, pis bir iş tutursanmış kimi, Hələ də xoşagəlməz sayılır; guya bir zaman "gələcək naminə" keçmişi və indini zorlamış adamlarla - özünü "gələcəy"in tam saHibi Hesab edən utopistlər və totalitarlarla sazişə getmiş olursan.

Amma vaxtı gəlib çatmış, etiraf etməyin zamanıdır: gələcəyin axı nə günahı?! Gələcək eləcə ona sahib durmaq sevdasında olanları aldatmış. Bəlli olmuşdur ki, demə, o heç də inqilabçı-kahinlərin nişan verdikləri təki qana həris məbudlardan deyilmiş. Əksinə, gələcək bütün büt və allahların qənimi olub, öz şərəfinə ucaldılmış məbədləri belə son halda heçə çevirdi. Artıq bugün "kommunizmin sabahı nın" beləcə "keçmiş"ə çevrilməsi onun(gələcəyin) daha bir teyfdən-xülyadan təmizləndiyini göstərdi. Və o da məlum oldu ki, demə, elə gələcəyin funksiyası da bu növ "təmizlənmə", ləğv etmə işi, başqa sözlə, zamanın demifolojisi, miflərdən qurtulması imiş. Və budur, gələcək yenidən bizə qənşər gəlir, həm də bu dəfə hurreylə yox, suallarıyla gəlir. Hazırda yaşadığımız, "gələcəyin ölümündən sonrakı" dövr gələcəyi ləğv etmədi, yox, bir daha onun təmiz mahiyyətini, şəffaflığını nəzərimizə çatdırdı. Bugün, hər növ utopiya və antiutopiyalardan sonra tarixdə ilk dəfə olaraq məhz biz başdan-başa aldadıcı bu şəffaflığın mahiyyətini dərindən duyub-hiss edə bilərik. Bu, heç də yazılmamış lövhə, tabula rasa deyil ki, ağlımıza gələn, xəyalımızdan keçən gözəl-gözəl projelərimizi bura köçürək. Daha çox proje lövhəsində hər hansı aydın görünən çizgiləri yerindəcə silən lastik kimidir, nəzərdə tutulan hər nəyi tutqun ləkəyə çevirir, yoxa çıxan utopiyaların yerində solğun izlər qoyub-gedir. Gələcəyin obrazı bu dəfə bizə dahiyanə ironiya-məsxərə tək açılır, onu cismən görməyə heç vəch yol vermir, öncəgörümə, ciddi təhlil və proqnozlara yer qoymur. Mahiyyətcə ironiyanın əvəzolunmaz bircə subyekti var ki, o da "gələcək"dir. Əgər Baxtinə əsaslansaq, o, tarixi öz içindən tamamlamağın mümkünsüzlüyündən söz açırdı və gələcəyin mahiyyətini də bu növ, dayandırılması mümkünsüz olanı dayandırmaq cəhdlərinə məsxərə eləməkdə görürdü."...Dünyada sonu göstərən hələ heç nə baş verməyibdir, dünya son sözünü deməyib və eləcə də dünya barəsində sonuncu söz deyilməyibdir; dünya açıqdır və tam sərbəstdir; hər şey irəlidədir və həmişə də belə olasıdır. Amma axı ambivalent gülüşün də saflaşdırıcı mənası eyzəndir". Əlavə edək ki, varlığın məsxərə forması olan gələcəyin hər növ bütlərə son qoyan saflaşdırıcı mənası da elə bütün tamamlanmış varlıq formalarını ləğv etməkdədir. O da önəmlidir ki, rus dilində "gələcək"(buduhee) sözü "varlıq"(bıtie) sözüylə bir kökdəndir, halbuki "keçmiş"(proşloe) və "indi"(nastoəhee) kəlmələri uyğun olaraq tamam özgə - "keçmək"(proxoditğ) və "durmaq"(stoətğ) təsəvvürlərini verir. Gələcək - bütünlüyünə sığmamış varlığın elə özüdür; varlıqda ən mübhəm olan da məhz onun gələcək olan, qarşısıalınmaz, ansızın gələn tərəfləridir; onun bu yox, özgəcürlüyüdür, bütünlükdə gerçəyə sığmazlığıdır. [Burda Azərbaycan dili ilə maraqlı bir analoq alınır. Azərbaycan dilində əksinə, "keçmiş" və "gələcək" sözləri proses təsəvvürü verdiyi halda, "gerçək" - "indi"(fars dilindən alınma əsasında düzəlmişdir) sözləri birbaşa "görk" ("var"- "varlıq") anlamına uyğun gəlir - S.V.] Görəsən mənim gələcəyə vurğunluğum təzə bir utopizm bidətçiliyi deyil ki? Məsələ də orasındadır ki, utopizmi dəf etməyin yolu eləcə utopiyanın postmodernist tənqidindən, antiutopizm və hətta postutopizm mövqelərindən keçir. Amma əlbəttə ki, bu azdır. Gələcəyə sevgini yenidən oyatmaq gərəkdir, qədəm basacağımız müqəddəs torpaq kimi yox, daimi vəd məqamı kimi. Bu, H.Çernışevskinin "Hə etməli" romanında bizə vəsiyyət qoyub-getdiyi həmin o sevgi deyil, bəs "Gələcəyi sevin. Onu bugünə gətirə bildiyiniz qədər gətirin". Burda gələcək hazır ünsürlərin cəmindən ibarət səadət kimi təsəvvür olunur, sanki elə durub bircə-bircə bugünə gətirilmələrini gözləyirlər. Amma məhz o gələcək sevgiyə layiqdir ki, heç nəyini bugünə gətirmək mümkün olmur; axı onu daim irəli aparan elə həmincə sürətdir ki, bugünü də geriyə - keçmişə adladır. O ki, gələcək barəsində "üstümüzə gəlir"(nastupaet) deyirlər, yanlışdır, əksinə o hər an geri çəkilir(otstupaet), daha doğrusu, əlimiz çatmayan irəlilərə çəkilir. [Bu yerdə bir daha dillərin fərqinə həssas olmaq gərək. Məsələn, bizim milli dilin fəlsəfəsi analoji olaraq "gələcək yaxındır" deyiminə üstünlük verir ki, səbəbləri barəsində düşünmək gərək. Bu yazıda isə M.Epşteyn rus və ingilis dilləri arasında analoq aparır. - S.V.] Əlbəttə, burda dilin də günahı var, gələcəyi "üstümüzə gəlir" deyə, bizi təkərləri altına alır təki təqdim edir. Rus dilində biz,- sanki ordudur,- "gələcək üstümüzə yeriyir"(buduhee nastupaet),- deyirik. Amma məsələn, ingilis dilində özgə cürdür; burda gələcək sadəcə "gəlir", qatarın tranzit stansiyaya yan aldığı təki; gəlir və gedir - bugündən keçmişə. Amma rus dilində gələcək özünü aqressiv aparır. Əgər biz desək ki, gələcəyin bir deyil, bir-birini istisna edən iki cəhəti var, - bu daha səhih olar. İki bir-birindən uzaqlaşan hədlərdir: qarşıdakı hadisənin gəlməyi və gələcəyin özünün qarşı gəlməsi. Məlumdur ki, irəli getdikcə uzaqdakılar bizə yaxın gəlir, uzağın özü isə uzaqlaşır. Bəs onda gələcək bunlardan hansı biridir: bizə yaxın gələn şeylərmi, ya qaçaraq düşən uzaqlar? Məsələ də burasındadır ki, gələcək ikilidir; məsxərədə olduğu kimi, birbaşa "yox!" deməyib, etirazımızı "hə?" deyə dolayısı ilə bildirmirikmi? Gələcək həm bizə yavıq gələndir, həm də buradaca çəkinib-çəkilən; hər dəm təslim olmağa hazır gəzəyən gözəl və daim də əlçatmaz olan bir bakirə tək. Gələcək bizi elə ona görə cəlb edir ki, Madonna və Sadom idealını özündə birləşdirir. Ayıbcasına hər kəsə verilməyə hazır, gəl-gəl deyir və budur, duman içrə parlayıb-itən məsum bir simaya çevrilir. Bu gələcəklərdən biri durmadan üstümüzə yeriyir, bizi basıb-keçib gerçək olur. Gəl-gəl deyən də, təslim olan da məhz odur; bütün çağların utopistlərinin tələsik sahib durmaq ehtiras və çağırışları da onunla bağlıdır. Digər gələcək daim bizdən qabaqdadır, birinci gələcək hansı sürətlə üstümüzə gəlirsə, həmin sürətlə də onun qabağa çəkildiyini görürük. Semyon Frank "Əlçatmazlıq" kitabında məhz bu, daim irəli gedən gələcək barəsində yazırdı: "Biz gələcək barəsində heç bir şey bilmirik, heç bir şey. Gələcək - həyatımızın ən böyük X-si(iksi), məchul, ələgəlməz sirridir". Belə ki, gələcəyə hesab ölçüləri ilə deyil, cəbrə uyğun yanaşmaq gərəkdir, burda müəyyən ədədlərdən yox, məchuldan söhbət gedir. Payızdan sonra qış, yazdan sonra yay gəldiyini hamımız bilirik. Amma qışın, yaxud yayın məgər gələcək kateqoriyasına bir aidiyyatı varmı? Əlbəttə yox, bu, təkrarlanan siklin vahidləri olub, yalnız özündən əvvəlki fazaya nisbətdə "gələcək" kimi çıxış edir və habelə özündən sonrakı fazaya görə "keçmiş" məqamındadır. İlin bütün fəsillərinin gələcək və keçmişə münasibəti bu cürdür. Halbuki gələcək özlüyündə siklə, ritm təkrarına gəlmir. Hər hansı bir hadisə əvvəlcə "gələcək", sonra "bugün"(indi), ən nəhayət "keçmiş" kimi çıxış edir; zamanın hər üç registrindən keçir. Öndən, yandan və arxadan seyr edə bildiyimiz hadisənin tam mənzərəsi və dolğunluğu ilə görünməsi də buradandır. Hadisə gələcəkdən gəlib keçmişə gedir, gələcəyin özü isə heç zaman gəlmir, onu əldə etmək, ona sahib olmaq və tükətmək mümkünsüzdür. Gələcək atəş açan top kimidir: hər dəfə bu və digər hadisə-mərmisini atıb, özü yenə əvvəlki vəziyyətinə qayıdır. Qədəm qoyduğumuz dövr artıq heç də hansısa dövrdən sonrakı mərhələ: postkommunizm, postmodernizm, postindustrializm, poststrukturalizm olmayıb, daha çox "proto-" səciyyəsinə uyğun gəlir: yeni mədəniyyət formasiyasının doğuşundan xəbər verir. Axı biz projenin ilkin çizgilərini cızanda lastikdən o qədər də çox yox, təqribən qrifel qədər istifadə edirik. Məchul, qeyri-müəyyən gələcəyə də bugün bu qədər ehtiyac duymağımız buna bənzəyir; o bizim projelərimizin həyata keçməsindən çox, bunun nə dərəcədə aydın olub-olmamasını üzə çıxarır. "Proto" heç də öncəgörmə deyil, əvvəlcədən gələcəyi təyin eləmir, amma bugünü yumşaldaraq buna hazırlayır, hər bir mətnə yarımçıqlıq, xammal, "qaralama" səciyyəsi verir. "Proto" gələcəyə təzə bir yanaşma ölçüsüdür, məcburi olmayan yanaşma tərzidir, əvvəlki "mütləq olmalıdır", "əlbəttə olasıdır" məxrəci əvəzinə "ola bilsin ki, olsun" modusunu irəli sürür."Proto" - bir-birini əvəzləyən projelər dövrü olub, heç birisi də mövcud reallığımızı təkcə özünə bağlamaq niyyəti güdmür, alternativ imkanlara rəvac verir. Gələcək artıq utopiyanın diktəsi ilə yazılmayıb, əksinə hər hansı müəyyən utopik çizgiləri də yoxa çıxarır, onu "proto-utopiya"ya, neçə_neçə gələcəyin mümkün variantlarından yalnız birinə çevirir. Burda "gələcək" özünü olmayanın yumşaq bir forması, hər hansı görüntünün yayğın şəkli, mənanın hələ diffuz halı kimi göstərir. Avanqard, ya utopik layihələr şüurlu olaraq gələcəyi dəyişməyə yönəlir. "Proto" isə bundan fərqli olaraq gələcəyi əvvəlcədən müəyyənləşdirməyin mümkünsüzlüyünü, onun kimsənəyə hesabat vermədiyini göstərir; Freydin alt-şüur haqqında, Lakanın dil haqqında söylədikləri gələcəyə də şamildir. Gələcəyi əvvəlcədən xəbər vermək nə qədər mümkünsüzdürsə, onu tamam ləğv etmək də o dərəcədə mümkünsüzdür; o bütün özgə halların məcmuyu, həyatda toxunub-təmas etdiyimiz, duyub-bildiyimiz arasında özgə ola biləsi nə varsa - odur. Dil hər halda vardır, şüuraltı da həmçinin; və hər ikisini deşifrə etməyin müəyyən üsulları, hər ikisinin mükəmməl olmasa da müəyyən bir qrammatikası vardır. Gələcək isə qrammatikası olmayan bir dildir, yuxularsız şüuraltıdır; elə bir olmayan şeydir ki, hər zaman dönüb var olur; olur ki, yenə və yenə bir yox olaraq qalsın.

Rus dilindən çevipəni Sadiq Vəli

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile