Silentium

XASİYYƏTNAMƏ

Conn ayaqlarını yerə döyəcləyə-döyəcləyə qəşəng bir rəqs bilir. Gəlin ona parıldayan tereodor paltarı geyindirək. Aha. yanına da beş, yox, lap elə əlli qamətli qız qoşaq. Hamısı birdən, sinxron, ayaqlarını döyəcləsinlər yerə. Tap-taptarap-tap. yaxşı. İndi də onların hamısını, Connini də, möhkəm ayaqlı qızları da geniş, hündür səhnəyə yerləşdirək. Bir az ritm, bir az da, bir az da... Əla! İşıqları unutmayaq. Sarı, qırmızı, abı, göy, iri, parlaq, fırlanan, qaçan, dalğalanan sofitlər, projektorlar, lampalar, lampacıqlar. Ge-etdik. Gözəl bir Şou. Baxınaqlı. Conni və onun qızları. Conninin baleti. Böyük zallar, böyük pullar. Biz ingilismi, ya fransızmı, ya almanmı cəmiyyəti adi Connimizi sevirik. O, yaxşı rəqs edir. Əziyyətimizə, pullarımıza heyfimiz gəlmir. O, yaxşı rəqs edir axı...

Cavid hərf yazır: "A". Qələmi bərk-bərk vərəqə basır. Xəttin biri o birisinə birləşir. Alınmır. yenə çəkir. Alınmır. Uşaqlar o biri hərfə keçirlər: "B". Cavid hələ "A"-dadı. Uşaqlar əlifbanı qurtarırlar. Cavidi isə gözləmirlər. Cavid "A"-nı yaza bilmir. Uşaqlara baxır, tələsir, gözləri dolur. Özünü tam küt, lazımsız, bacarıqsız hiss edir. Sınır. Birdəfəlik? Axır ki, iki xətti birləşdirib, ortasından da bir xətt çəkir. Amma heç kim Cavidin "A" yazmağından Şou düzəltmək istəmir. Onu tək qoyub gedirlər. Təkcə Cavid özü bilir ki, o "A"-nı hamıdan yaxşı yazır. Cavid ayaqlarını yerə döyəcləyə-döyəcləyə yaxşı "Qaytağı"da oynaya bilir...

29 mart 2000-ci il

PRESS-STRESS

Herr-mister, müsyö-Selye (kanadalı araşdırıcı) "Distressiz stress" kitabında belə nəticəyə gəlib: bizim hər birimizin həyatı müəyyən dərəcədə əsəb-psixi-emosional gərginliksiz mümkün deyil. Hər birimizin, hər bir individin özünün optimal tonusu mövcuddu. Və Selyeyə görə, fərqli adamlara fərqli səviyyədə stress vacibdi. Hər insan özünü öyrənməli və özünün maksimum komfortlu hesab etdiyi stress dərəcəsini müəyyənləşdirməlidi. Uğur stressi uğur doğurduğu kimi, distresc (zərərli, xoş olmayan stressə deyilir) də uğursuzluqlar doğurur. Çoxumuza "uçulmuş ümidlər" disstressi tanışdı. İnsanın gündəlik həyatı, fəaliyyəti son nəticədə həyat amaclarımızın reallaşması məqsədini güdür. Az, ya çox dərəcədə başa düşülmüş, qavranılmış amac individi-mənim, sənin ruhi tarazlığını saxlamaq üçün vacibdi. yaşayışımız, varolumumuz yaxın və uzaq amaclarla reallaşır. Uzaq adlandırdığımız həyatın əsl amacıdı. Onun iki özəlliyi var. Birinci, o, böyük zəhmət tələb edir. İkinci, bu zəhmətin bəhrəsi ani olmur, bütün ömür boyu, arası kəsilmədən, damcı--damcı toplanır.

Selyeyə görə, insan ömrünün amacı -- onun öz imkanlarını tam aça bilməyidi. Öz imkanları çərçivəsində insan ali sənətkarlığa, ustalığa çatmağa çalışmalıdı. Çünki bizlərin dünyada ən doğru qazancı ali, yüksək, uca, üst sənətkarlığa çatıb, bizi əhatə edənlərin hörmətinə, sevgisinə layiq olmaqdı... İndividin öyrəndiyi hər şey bütün vəziyyətlərdə onunla qalır. Fəaliyyətsizlik individin ilkin amacının, nəyi isə öz əllərilə yaratmaq istəyinin gerçəkləşməsinə gedən yolları bağlayır, varolumun mənasızlığı isə disstress doğurur. Bu, çox qorxulu haldı... Absalyut kamillik mümkünsüzdü, lakin hər cür fəaliyyətin zirvəsi var, ona can atmağa dəyər. Selyenin yazdığına görə, əsl şadlıq triumf yaşayış tərzinin sadəliyidi. Hər cür yapma, qondarma şeylərdən qaçan insan hörmətə layiqdi.
Herr-mister, müsyö-Selye yazmır ki...

5 aprel 2000-ci il

Ctress və disstress probleminin üzərində niyə belə keniş dayandım? Məsələyə bir qədər ayrı rakursdan baxsaq körərik ki, əslində toplum özü də spesifik individdi. İnsan milyonlarla biri-birinə oxşamayan, ayrı-ayrı, fərqli canlı orqanizmlərdən təşkil olunduğu kimi, toplum da saysız orqanizmlərdən -- individlərdən təşkil olunub. İndivid kimi toplumun da öz psixologiyası, amacı var. O da stress və distress keçirə bilər, daha dəqiq, keçirir! Stress nədir? Selye deyir ki, həyatın qoxusu və dadıdı. Canlı orqanizmin qarşısına qoyulan hər tələbə spesifik olmayan reaksiyasıdı. Bəs kütləvi kommunikasiyanın amacı nədir? Cavab verəcəksiniz ki, informasiyalandırmaq, maarifləndirmək, əyləndirmək, duyğulandırmaq və s. Mən cavab verirəm: kommunikasiya aktının amacı toplum adlanan canlı orqanizmi sadəcə olaraq stress, bəzən də distress halına gətirməkdi. İstər aksial, istərsə də retial kommunikasiya olsun, fərqi yoxdu. Demək kommunikasiya prosesi sadəcə olaraq, stressordu (burada stressdən danışanda sözün mənasının mənfi çaları nəzərdə tutulmur). Bax, bundadı kütləvi kommunikasiyanın fenomenal güclü təsirinin sirri. Stress vəziyyətində olan individ, toplum aktivdi, dinamikdi, yeni mozaikada, yeni qurumda bir araya gəlməyə, birləşməyə meyllidi. Stressorlar -- kütləvi kommunikasiya vasitələri, televiziya yaradıcılığa, inkişafa təkan verir, vaxtın yönümünü dəyişir. Əski sivilizasiyalarda vaxtilə "Bibliya", "Quran" kimi qutsal kitablar belə stressor rolunu oynayıblar. Biri böyük, sarsılmaz imperiyanı dağıda bilib, o biri böyük, sarsılmaz imperiya yarada bilib. Sivilizasiyanın növbəti möhtəşəm stressoru -- dünyanı nizamlamaq, tarix yaranandan indiyədək qarşı-qarşıya duran Şərq-Qərb fərqli kosmoslarını bir-birinə yaxınlaşdırmaq da olmasa, bir-birinə tanıtmaq, mənəvi, siyasi, hər cür başqa sərhədləri aradan qaldırmaq istəyən TELEVİZİyADI. O, azad fikirli vətəndaşları olan qlobal imperiya yaratmaq istəyir. Və bu imperiyada yeganə hakim, yeganə qiymətli nəsnə -- öz-özünü dərk etmiş olmalıdı... idealda...

11 aprel 2000-ci il

MAZUTLU ETÜD

"Mentalitet plastilindi". Kim dedi bunu? Özü də niyə plastilin? Gil yox? Gilin yenə nə isə bir xarakteri var. Qopdusa, birdəfəlikdi. Daha yerinə yapışmır. yoxsa plastilin! Demək, mentaliteti yapdıqca yapmaq, yumurlamaq, dartıb uzatmaq, kəsib qısaltmaq, nəhayət basıb əzmək olar?! Demək hər zaman kəsiyinin özünün mentaliteti var? Onda gör neçənci mentalitetimizi yaşayırıq? Sonuncusu mazutlu mentalitetdi. Bir əsr əvvəl bir dəfə də yaşamışıq bu "mazut renessansı"nı. Evlər qalıb, mülklər, malikanələr. Sahiblərisə qalmayıb. Varislər də yoxdu. Milyonçu babaların doğurduğu qiymətli üçüncü nəsil itib, əriyib. Qayalar yavaş-yavaş ovulub quma dönən kimi. Bilirsiniz o üçüncü nəslə niyə qiymətli deyirəm? Qalsaydı. "Tox nəsil" olacaqdı. Sakit, özünə inamlı, zərif ağ dərili. Qara işi babası görüb, kapital yığıb. Atası da artırıb. Oğula ancaq zadəgan problemləri qalıb: ən yaxşı təhsil haradadı, tapsın, balet truppasına himayədar olsun, olmasın, Milana oxumağa tələbə göndərsin, ya gəzləsin? Əsl, doğru, içəridən gələn filantropiya, lap altruizm... Bir önəmli cizgi: bu varın qaynağı kasıb babanın balaca torpaq parçasıdı -- özününkü, halal. Unutmayaq... özününkü, halal...

İkinci dəfə mazut çayına giririk. Başqa əsrdi. Ölçülər də özgədi. Daha uzun, daha qlobal... Evlər də var, mülklər də, malikanələr də. Sahiblər də var. Varislər də... Pəncərəmizdən, qapımızdan, bütün dərmə-deşiklərdən təzə mentalitet axır evimizə... yıxılmarıq ki?

19 aprel 2000-ci il

PERSPEKTİVSİZ...

Mən onunçün peyğəmbərəm. Çünki onun perspektivini, daha düzü, perspektivsizliyini aydın görürəm. Pilləkənin yanında. Dörd yanı beton... Bitib... ya da ki, əkilib... Balaca, şən, yaşıl akasiya ağacı. yaza görə sevinir. Budaqcıqlarını yellədir. Kövrəlirəm, yazığım gəlir ağaca. Hər səhər -- perspektivsizliyin, əlacsızlığın rəmzi kimi çıxır qabağıma. Bir azdan böyüyəcək. Və kökləri sərt betona dirənəcək... Və sonu gələcək... Və quruyacaq. Onda niyə böyüyür, niyə sevilir? Səfeh akasiya ağacı... Perspektivsiz ağac, gələcəksiz, ümidsiz. O sosial reklam var, yadınızda? "Hərəyə bir ağac əkək". Kontrreklam kimi belə yazsaq necə olar: "Perspektivsiz ağaclar əkməyək!". Ən azı ona görə ki, quruyacaqlar. Zəhmətimizi, enerjimizi, ümidlərimizi özləri ilə aparacaqlar, cənablar... ya cənab?

26 aprel 2000-ci il

ON LINE

Cazmenin yubileyi, mətbuat azadlığı günü, reqlamentləşdirilmiş canlı yayıma əngəl olmayan polis işçiləri, imicsiz almanlar... Cazmen: nostalji... hər gün, metodik, damcı-damcı çərlədilən cavan adam... üçüncü infarkt... "Sevil"in vokalçı qızları... çox istedadlı və görünür çox məşğul iki övlad - klassikayla Modern... Sonsuz, yandırıcı təəssüf hissi...

Mətbuat azadlığı: azərbaycanlı jurnalistlərin artıq üçüncü professional bayramıdı. Bilirsiniz, bu günün yaradıcıları dünyanı üç yerə bölürlər: azad ölkələr, qismən azad ölkələr, bir də ümumiyyətlə azad olmayan ölkələr. Sadəlövh, birmənalı bölgü. Həmişəki kimi praqmatizmə sadiqdilər. Birmənalılıq da punktuallıqdan irəli gəlir. yəni, bu momentdə, bu anda improvizə, şərh, yozum yersizdi. Ağdısa, ağdı. Bozdusa, bozdu! Biz hansı bəndə aid olduq?

Canlı yayımdakı polislər: bu reportajlarda ən təzə -- polislər idi. Döyülən siyasətçi, qıvraq qadın, isterik kişi obrazlarının maraq potensialı çoxdan tükənib. Amma polislər! Siz əlvanlığı gördünüzmü? Düşünən polis... söyən polis... dəyənəyini qalxanına döyən polis... yavaşıdılmış kadrlarla verilsəydi, bir Polis Poeması alınardı...

İmicsiz almanlar: "Almaniyadan sənə nə gətirim?" Almanların nəyi var? Təbriz olsaydı, deyərdim "fars" xalçası. yoxsa Düsseldorf. Dayan! Bəs gənc Verterin iztirabları, ya Bismark, ya Vaqner, ya da ki Şəmkirdə ata-anasının qəbrini tənha qoymaq istəməyən Marta nənə (mənsə elə fikirləşirdim ki, vəfa sırf azərbaycanlı keyfiyyətidi)? Almanlarçün narahat olmağına dəyməz. Onların imici çoxdan və birdəfəlik yaranıb. Büllur armudusuz və qara kürüsüz...

3 maj 2000-ci il

ONLAR

İzah edə bilmədiyim, mənim ölçülərimə sığmayan, mənim dəyərlərimdən fərqli, anlamadığım, baş açmadığım bir dünya var: Avropa, avropalılar. Ötəri cizgiləri -- çox tənhadılar. Elementar ünsiyyət alınmır onlarda, çünki ailələri yoxdu (bizim anladığımız mənada ailələri). Buna görə də problemlərini psixo-analitiklərlə müzakirə edirlər. Əşyalarda, ümumiyyətlə hər şeydə funksionallığı qiymətləndirirlər.. Xub. Ancaq nəzərə alaq: bunlar azərbaycanlının gözündəki Avropadı. Əsl Avropa yəqin ki, ayrı cürdü. Daha xeyirxahdı -- həmişə hamıya köməyə çalışır. Daha talantlıdı -- bütün dizayn, avanqard sənət yenilikləri oradan qaynaqlanır. Daha müdrikdi -- avropalı liderlərdən "moçite vsex podryad" tipli bəyanatlar eşitməzsən. yeganə sürüşkən məqam bayaq dediyim funksionallıqdı. Hər şeyi özünə, öz həyat tərzinə uyğunlaşdırmaq istəyi, komfort. Götürək Azərbaycanı, Avropa üçün funksional predmetdirmi? yox? yaramaz! Onu özümüzə uyğun biçməliyik. Bu, bu və bu. Əməl edəcəksinizsə, gəlin. Demokratiyanı bura qatmayın. Demək, tək problemimiz qalır... Çalışıb, funksional predmetə çevrilmək... Rahat, ələyatan, öz ştixkodu olan, turist bukletlərini bəzəməyə yarayan bö-ö-yük predmetə...

10 maj 2000-ci il

ŞÜAR

Səs-küy, pafos. Şişirdilən emosiyalar, ətrafa səpilən, məsuliyyətsizcəsinə səpilən sözlər. Dühalar, dahilər, nəhənglər. "Dahi sənətkarımız" -- bunu hansısa orta səviyyəli pop-müğənni üçün deyirlər. Bilirsiniz, Azərbaycan elə böyük ərazi deyil ki, deyəsən nəhəng! Həhəng, sadəcə Azərbaycana sığışmır. Hiyə bizlər hər şeyin qrotesk həddinə dirənirik? Hiyə dramı bu qədər sevirik? Belə özünüifadə tərzi heç xoşuma gəlmir. yorucudu. yüksək pərdədə söhbətlərə qulaq asanda içəridən dişlərimi qıcıdıram. Sözlərə heyfim gəlir. Sözlər öz yaxşı çalarlarını itirirlər, solğunlaşırlar. Gəlin sabahdan hamımız başqa ölçüyə keçək: yarımtonlara. yarımtonlarla danışaq, yarımtonlarla söz verək... Sonra yarımtonlarla bağışlana bilmək imkanını qazanmaq üçün...

17 maj 2000-ci il

PORTAĞAL BAĞLARI

Onun nə etdiyini görəndə ürəyim sıxıldı. Çirkli, yazıq yarımadamızdı. Zibilləri örtə bilməyən yaz otlarıdı. Və... Uzun, axırı görünməyən borudu. Adi, paslı, azmənalı boru. Bir tənha Sizif də cidd-cəhdlə bu borucuğazı narıncı rəngə boyayır. Fantas-maqoriyadı. Mazutlu Apşeronun ortasında qəfil portağal çaları. Sizif əmi fırçasını sürtür, sürtür; yunanıstanın portağal bağları yadıma düşür, sonra da dəmiryolçu qadınların gödəkçələri. yəqin bundan ümidsiz iş yoxdu: yaralı, çılpaq, heç kimin vecinə almadığı bir yarımadada sonu görünməyən, paslı borunu tək-tənha rəngləyəsən! Ymumiyyətlə, bu ucuz rənglə kimi aldatmaq istəyirsən? Birmənalı: sağalmayacaq, arıtlanmayacaq, durulmayacaq. Çünki heç kimə lazım deyil, heç kim sevmir buranı... HM... yoxsa etiraz edəcəksiniz?!

24 maj 2000-ci il

ÖLÇÜ HİSSİ

Tarazlığı pozmaq asan işdi. Bir kiçik söz, bir içəridən gəlməyən yalançı canıyananlıq, bir, tək bir saxta not. Qurtardı, getdi. Güclə qurduğun, saxladığın zəif balansı itirirsən. Hamı elə bil bəhsə girib: biri-birinə pis enerji ötürməkdə. Buna elə böyük talant da lazım deyil -- adicə, içəridəki xıltı, çöküntünü vicdansızcasına qarşında duranın üzünə çırpırsan. Çirkli, heç kimə xeyir verməyəcək əks enerjini yaxırsan başqa adama. Mənəvi haqq məsələsi necə olsun? yaşın çoxdu deyirsən. Meyar deyil, bioloji faktordu. İyerarxiya pilləsindəki üstün yerini deyirsən? Bu da fiksiyadı, sənin real yerin deyil. Bəs nə? İntellektual potensialdan heç danışmazdım. Ən güclü tərəfin deyil bu da. Bilirsən, adamlar iki cürdü: kamertonlar, bir də qeyriləri. Qeyrilərin içərisində heç nə yoxdu. Musiqi, titrəyişlər. Kamerton adamlarsa... Dünya onların üstündə qurulub. Hər şey onlara köklənib. Ən təmiz səsin, ən dəqiq ölçülərin qaynağıdırlar. Onları qorumaq lazımdı. Əgər kamertonları addım-addım məhv etməyə girişsən, sən, sənin keçmişin, gələcəyin, hər şeyin birdəfəlik yox olacaq. Çünki bir sadə şeyi -- ölçü hissini itirəcəksən...

31 maj 2000-ci il

SUAL SELİ

Zəlzələsi də, savaşı da, adi günləri də, hər şeyi, hər şeyi əzizdi varolumun. Varsan, yaşayırsan, nəfəs alırsan, sevinirsən -- artıq yaxşıdı, artıq əladı. Ən pis, əzablı anlarda da adamlar kiçik nəfəslik tapırlar. Totalitar ölkədə mətbəxdə oturub söyürlər, çadırda isti qış, ya sərin yay gününə şükür edirlər, kütün birisiylə danışanda fikirləşirlər ki, nə yaxşı yer üzündə lord Bayron olub. Telejurnalistikayla məşğul olan adam kimi ... kanalına baxandan sonra mənim də bir nəfəsliyim var: Leonid Parfyonov. Enerjisi həsəd doğurur. Bir ilin içində irihəcmli proyektlər - əsrimiz ilbəil, Jvanetskinin antologiyası, Xazanov haqqında serial, "Baharın 17 anı"ndan esse, sonuncu -- Puşkin haqqında beşbölümlük. Sırf peşəkar momentlərə maraq yandırır məni. Proyektlərdə Parfyonovun yaradıcı iştirakı hansı dozadadı? Bu obraz onun özünündü? Leonidin imici neçə adamın əməyidi? Arxivlərlə, faktlarla, materiallarla kim və necə işləyir? Bilirsiniz, personifikasiya deyilən çox bahalı şeydi. Həm də böyük komanda işinin sonucudu. Başqa sözlə, bir sürü yaradıcı adam zəhmətini, intellektini bircə jurnalistə sərf edir, xərcləyir... Daha sonra: öz jurnalist obrazından kənarda Leonid utancaq, çəkingən adama oxşayır. Böyük populyarlıq, güclü intellektual potensiala rəğmən. Gözəl keyfiyyətdi... Leonid də, Parfiriy də təmiz rus adlarıdı. Bəs qırmızı xətlə keçən yəhudi motivləri nədi? Bir də. Bu proyektlər neçəyə başa gəlir? Sonuncu - Rusiya təbiəti üçün Lyonya çox əlvandı, rənglidi. Görəsən, Bakıda doğulmayıb ki? Vəssalam.

P.S. Evdə hər şeylə dəhşətli dərəcədə maraqlanan hərəkətli bir varlıq var. Desə, "Anusi, XX əsrin etik-estetik panoramını çək!", gərək Leonidin kasetlərini tapım...

7 iyun 2000-ci il

İKİ MİM

...Parisin ortasında mim idi. Hərəyə bir şey verirdi. Mim topu, mim gülü. Hamı da bu topları tuturdu, gülləri qoxlayırdı. Onun simvollarını qəbul edirdilər. Çünki o, Parisin ortasında mim idi. Acından ölməmək, yox olmamaq üçün bunu edirdi. Başqa tərəfdən də özü-özünə hörməti itirmək də istəmirdi.

Özü-özüyçün mif düzəldirdi. Papağına atılan pulları "zəhmətlə qazanır" Midaini. Və özü-öz gözündən düşmürdü...

...Ağcabədinin qırağında çadır idi. Mimik çadır, ya pantomim çadır. Hər şey vardı. Mim mətbəxi, mim dəhlizi. Doğruçu adamlar, doğruçu ata, ana, uşaq mim həyatında yaşayırdılar. Mim ata mim saqqızlar satırdı. Mim uşaq mim məktəbində mim təhsili alırdı. Və. Günlərin bir günü çadırın yanına qara kamera gəlir. Və. Pantomima, özü də yüksək əyarlı pantomima başlanır. Bir şeyi unudurlar mənim əziz mimlərim. Özləri öz gözlərindən düşəcəklərini. Özlərinə hörməti itirəcəklərini... Burası Paris deyil də.

14 iyun 2000-ci il

ÖZÜMLƏ SKETÇ

Uzun məqalə idi. Diaqonal üzrə oxudum. Bircə şey ilişdi yaddaşıma. İlişdi və heyrətləndirdi. İmici diktə etdiyindən azı dişlərini çəkdirib. Yzü uzunsov görünsün deyə. Çox da təmizkar, lap vasvası olub. Məni mat qoyansa başqa şeydi. Bu qadın, yəni Marlen xanım Ditrix adi, normal aktrisa olub: plastik əməliyyatacan enən, aktyorluq problemləriylə vurnuxan. "Adi"ylə bağlı etiraz edirsiniz? yaxşı! yüksək, peşəkar, amma aktrisa olub. İlahə olmayıb. İri dodaqlarla sakitləşdirici həblər, qaydasız-qarışıq həyat tərzi... Və. Diqqətlə izləyin! 30-cu illərin sonunda Ditrixə məktub gəlib: Hitler şəxsən -- rəsmən frau Marlen Ditrixi geri, Almaniyaya dəvət edib. Başa düşdünüz, bunun arxasında nə durur? Təzimlər, imtiyazlar, bir sözlə, cənnətlərrr. Frau Adolfa çox kəskin, ironiyalı rədd cavabı göndərib. Hiyə? Çünki bu nevrosteniyalı Hitlercik onun Prussiyasını cəhənnəm maşınına, elektrik stuluna çevirib. İradəsinə çoxluğu tabe etsə də, dünyanın yarısını yox, hamısını tutsa da, o. yaxşı. adam. deyil! Heç nə, heç nə Marleni, aktrisa-insanı, pis, müdhiş insana xidmət etməyə zorlaya bilməz. Sadə, məntiqli, dahiyanə! Son olaraq! Xidmət edərkən avtobioqrafiyalarınızın qayğısına qalın!

20 iyun 2000-ci il

VARİANT

"polite way to say sm" -- nəyi isə deməyin nəzakətli yolu. Hərfi tərcüməsi budu. Özü də hər şeyin -- tanış olmağın, sağollaşıb getməyin, hər şeyin "rolite way", "nəzakətli yolu" var. Çıxılmaz vəziyyətə düşməməkçün çox yararlı şeydi. Bir ünlü naxçıvanlı bunun ucbatından "eşşəklər, gicbəsərlər" (pardon) yazmadı, "marallarım, qardaşlarım" yazdı. Sevmədiyi sistemin sinirpozan simpoziumunu səbrlə süzdü. Təkcə evdə xanımına dedi ki, bir də mənimçün yubiley-zad keçirməyin. 37-ci il qaçılmazlığına düşməmək üçün də ən "rolite way" seçdi -- 34-də öldü... Ağ qvardiyaçılar Rusiyanı birdəfəlik tərk etdilər, hindular kiçilib-kiçilib anklavlara yerləşdilər, rəssam Hərimanbəyov Fransada qaldı... Kübar davranış modelini seçdiklərinə görə. Dəyişməyə çalışdılar nəyisə -- alınmadı, savaşdılar -- qalib olmadılar, dedilər -- kimsə qulaq vermədi, incidilər -- heç kim fərqinə varmadı. Getdilər. Birdəfəlik, bilmərrə... Bu situasiyanın yaxşı tərəfi də var. Bizlərin yevstiqneyevin cibindəki zəhər ampulası kimi variantımız var. "rolite way" variantı -- nəzakətli yol, kübar yol, sonuncu yol. Sağollaşmadan, geriyə baxmadan, birdəfəlik yox olmaq...

27 iyun 2000-ci il

ÜNSİYYƏT ÇƏTİNLİKLƏRİ

Adamlar çox dəyişiblər. Ünsiyyət çətin alınır. Hamı ancaq özündən danışır. Tələsə-tələsə, boğula-boğula. On dəqiqəyə -- "mən", "mənim dahiyanəliyim", "mənim zəhmətim", "mənim doğru hərəkətlərim", "mənim uçulmuş arzularıma elegiya" proqram çıxışlarını çatdırırlar. Özünü gündəmə gətirməyə zəif cəhd edirsən. Boşa çıxır. Sən kimsən axı? O, bu problemi səndən yüz qat artıq əziyyətlə yaşayıb, ümumiyyətlə sus! Öz küylü zatlarıyla hər yanı doldururlar. Qaynar fəaliyyət görüntüləri yaradırlar. Gecə-gündüz işləyirik. Alnımızda tər. Özü də bu fəaliyyət illüziyası ilə on il məşğul olurlarsa, yeni iddiaları üzə çıxır -- külüng döyürəm, əməkdaram-giriftaram və s. Və. On ildən sonra bu adam, adamlar qaçılmaz olur. Ölüm kimi. Görün həyat necə gözəlləşir! Sağda, solda, arxada, irəlidə qaçılmaz-adamlar. Ynsiyyətinə məhkum olunduğun ölüm-adamlar. Adamı öldürən adamlar. "Özəl mülkiyyət"inin sərhədlərinə yığılmaq istəyirsən. İmkansız. Çünki nə "özəl mülkiyyət"in var, nə də onun sərhədlərini qoruyan...

3 iyul 2000-ci il

AZFİKSİYA

Gündəlik mətbəx verilişlərindən biri. Ev xanımıyla (yumru, astagəl, durubaxışlı, sakit) jurnalist qadın. Bu günkü mövzuları zeytundur. Adi zeytun. Jurnalist deyir ki, zeytuna mənim böyük sevgim var. Özü də gözlərindən oxunur ki, bu doğruçu hiss. Depolara gəlib yığılanda o üstündəki damlaları görüb kövrəlirəm deyir. Zeytunun göz yaşlarıdı zeytun yağı, -- deyir. Sonra da birdən ağlına gəlir, deyir, Ayşə Tüter (ev xanımı), bilirsən bütün mədəniyyətlər zeytun bitən yerdən başlanır?! Onun fikirlərini izləyən mən də Amerika açdığım kimi fikirləşirəm ki, doğrudan da! Ev xanımı müdaxilə edir,-- deyir,-- zeytunun filan, filan növləri var. Bu bölgədə bu növ bitir, o birisində başqası (hiss olunur ki, dedikləri ev hazırlığı deyil). Deyir, Ege bölgəsində biz çörəyin üstünə yağ çəkib yediyimiz kimi, onlar da kasaya zeytun yağı tökür, çörəklərini ona batırıb yeyirlər. Ağzı açıla bu zeytun poemasına qulaq asıram. Düşüncə mədəniyyəti, daha dəqiq, düşüncə nəzakəti mat qoyur məni. Ev xanımı -- ən prozaik şeylərlə günbəgün məşğul olan adam. Haradandı bu məlumatlılıq, bu vətənsevərlik, bu müdriklik. Çörək kimi sadə, gərəkli. Bu xanım durur hər şeyin kökündə, ondan qaynaqlanır hər şey (Pafosu sevmirəm. yumşaq ifadələr seçirəm, mümkün olanı) Hə üçün biz belə deyilik? yeni ideyalar yoxdu. İdeyalar, fikirlər dövr etmir, fırlanmır. Təzə hava yoxdu. Boşluqdu. Boğuluruq...

12 iyul 2000-ci il

  Sabotage |   Ero-gigiyenik |   Silentium |   TT grup |   Xəbər Xətti |  Uşaq Avanqardıv |   X-nəsli |   Təzə tərcümə |

© Aciq Cemiyyet Institu Yardim Fondunun desteyi ile